AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“8 Noyabr bütün türk dünyasının özünütəsdiq günüdür”

  • + A
  • - A
  • 6-11-2022, 20:08

    “8 Noyabr bütün türk dünyasının özünütəsdiq günüdür”




    Səmyar Abdullayev: “Bu böyük günün qəhrəmanları isə Müzəffər Ali Baş Komandan, ordu və xalqdır”

    “Şəhidlərimizi və qazilərimizi hər zaman sevgi və minnətdarlıqla yad edəcəyik”

    Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 8 Noyabr Zəfər Günü ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

    -Səmyar bəy, qarşıdan 8 Noyabr – düşmən üzərindəki tarix qələbinin ikinci ildönümü gəlir. Öncə bu günün əhəmiyyəti ilə bağl fikirlərinizi bilmək istərdik.

    -Zəfər Günü sadəcə işğalçı Ermənistan üzərində tarixi qələbə günü deyil. Zəfər Günü həm də Azərbaycan xalqının, onun timsalında bütün türk dünyasının uzun fasilədən sonra ayağa qalxdığı, özünü bir xalq kimi təsdiq etdiyi gündür. Xalqımız bu tarixi zəfərlə sadəcə, öz ərazi bütövlüyün təmin etmədi. Həm də milli qürurunu, tarixi ədaləti bərpa etdi. 8 Noyabr zəfəri ilə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, öz suverenliyini, ərazi bütövlüyünü, haqqını və hüququnu qorumağa qadirdir. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, onun güclü sərkərdəsi, yenilməz ordusu var bu bu ordu cəmi 44 gün ərzində düşməni darmadağın edəcək gücdədir.

    Bu baxımdan 8 Noyabr zəfərinin hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, mənəvi-ideoloji əhəmiyyətini də yüksək qiymətləndirirəm.

    -Sizcə 44 günlük Vətən müharibəsində qələbəni təmin edən əsas amillər hansılar oldu?

    -Şübhəsiz ki, Vətən müharibəsində qələbəni təmin edə ən başlıca amil güclü sərkərdə faktoru oldu. Ali Baş Komandan İlham Əliyev bütün xalqı ətrafıdna birləşdirərək düşmən üzərində tarixi zəfərə imza atdı. Dövlət başçısı müharibə dönəmində elə bir hərbi-siyasi əzm ortaya qoydu ki, yalnız Ermənistan deyil, onun havadarları da bu əzm qarşısında geri çəkilməyə, Azərbaycanın iradəsi ilə razılaşmağa məcbur oldular.

    Müharibədə qələbəni təmin edən əsas faktorlardan biri də qüdrətli ordu amili oldu. Müharibə göstərdi ki, son 30 ildə ordumuzda həyata keçirilən islahatlar həqiqətən də güclü, modern ordunun formalaşmasına gətirib çıxardıb. Müharibə sübut etdi ki, Azərbaycan Ordusu həqiqətən də bütün dünyanın ən güclü ordularından biridir və bu ordu istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

    Qələbənin təminində ordu və Ali Baş Komandanla tam bir həmrəylik sərgiləyən Azərbaycan xalqının fədakarlığı da həlledici rol oynadı. Azərbaycan xalqı hər bir fərdi ilə Prezidentin yanında oldu, orduya böyük dəstək verdi. Başqa sözlə desək, xalq Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin ətrafında bir yumruq kimi birləşdi və məhz bu yumruq erməni faşizminin başını əzdi.

    -Səmyar bəy, müharibə həm də Azərbaycan hərbçilərinin qeyri-adi qəhrəmanlıqları ilə yadda qaldı. Sizcə bu qəhrəmanlıqların təbliği və yaşadılması nə dərəcədə zəruridir?

    -Şübhəsiz, 44 günlük Vətən müharibəsinin hər günü, hər dəqiqəsi Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və fədakarlığı ilə yadda qaldı. 30 il ərzində düşmənin müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi, bir neçə səddən ibarət müdafiə səddi yaratdığı torpaqları cəmi 44 gündə azad etmək bu qəhrəmanlığın ən bariz göstəricisidir. Şuşanın erməni işğalından azad edilməsi zamanı ordumuzun ortaya qoyduğu əzm isə bütün dünyanı heyrətləndirməkdir. Əminəm ki, illər, əsrlər keçəcək, ancaq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün bəşəriyyət tərəfindən öyrənilməkdə, tədqiq edilməkdə davam edəcək, bununla bağlı cild-cild kitablar yazılacaq, filmlər çəkiləcəkdir.

    Məlumat üçün qeyd edim ki, artıq ölkəmzidə bizi bu tarixi zəfərə qovuşduran şəhdilərimiz, qazilərimizlə bağlı xeyli sayda sənədli filmlər çəkilib, yazılar yazılıb. Yaxın gələcəkdə bu proses daha da kütləviləşəcək, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı təbliğ ediləcək, yaşadılacaqdır. Gələcək nəsillər 44 günlük Vətən müharibəsi qəhrəmanlarına baxaraq öz keçmişləri ilə fəxr edəcək, varislik ənənələrini qürurla davam etdirəcəklər.

    -Post-müharibə dönəmində işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərini necə dəyərləndirirsiniz?

    -Hesab edirəm ki, Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr, gördüyü işlər sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir. Bir tərəfədn mina terroruna qarşı mübarizə aparan, işğaldan azad edilən torpaqlarımızı döyuüş sursatından təmizləyən dövlətimiz, digər tərəfdən bu ərazilərdə geniş tikinti işləri həyata keçirməkdədir.

    Bu gün dövlətimiz işğaldan azad edilən ərazilərdə erməni vandalizminin məhv etdiyi tarixi-mədəni abidələri bərpa edilməklə yanaşı, böyük iqtisadi və enerji layihələri həyata keçirməkdədir. Yalnız yerli deyil, həm də xarici investisiyanın iştirakı ilə bu ərazilərdə müasir istehsalat müəssiələrinin, fabrik və zavodların inşası, ekoloji baxımdan təmiz enerji resurslarından maksimum səmərəli istifadə, modern kənd təsərrüfatı müəssisələrinin yaradılması dövlətimizin bu torpaqlarda həyata keçirdiyi mühüm layihələr sırasındadır.

    Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında görülən işlərin miqyas və əhəmiyyətini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın illərdə Qarabağ və ətraf rayonlar iqtisadi inkişaf tempinə görə bütün dünyanın sürətlə tərəqqi edən bölgələrindən birinə çevriləcək, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcəkdir. Bu isə öz növbəsində xalqımızın sosial rifaının daha da yaxşılaşmasına, vətənimizin daha da çiçəklənməsinə səbəb olacaqdır.

    Seymur ƏLİYEV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR