AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səbinə Əliyeva İranda törədilən terror aktı barədə BƏYANAT yaydı

  • + A
  • - A
  • 27-01-2023, 22:00

    Səbinə Əliyeva İranda törədilən terror aktı barədə BƏYANAT yaydı

    Səbinə Əliyeva İranda törədilən terror aktı barədə BƏYANAT yaydı. Azadmedia.az Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı Ombudsmanın bəyanatını təqdim edir:
    Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayırıq. Bu alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini həyata keçirərkən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olmuş, səfirliyin iki nəfər əməkdaşı isə xəsarət almışdır.
    Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir.
    Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının tələblərinin kobud pozuntusudur.
    Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olmuş və öz xidməti vəzifəsini icra edərkən həlak olmuş səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm.
    Bu qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir.
    Səbinə Əliyeva
    Azərbaycan Respublikasının
    İnsan Hüquqları üzrə Müvəkkili
    (Ombudsman)
    27 yanvar 2023-cü il


    Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR