Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, 6 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub.
Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir Ceyhun Bayramov, rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib. Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.
Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğu vurğulanıb.
Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib.
Daha sonra, tərəflər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.