ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra son texnologiyanın Türkiyədə də istifadə edildiyini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, sözügedən texnologiya dağıntılar altında olan insanların nəfəs almasını və ya ürək döyüntülərini aşkar edə bilir.
ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) bu gün rəsmi Twitter hesabından dağıntılar altında insanların tapılmasına kömək etmək üçün inkişaf etdirdiyi "FINDER" adlı texnologiyanın Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyədə də istifadə edildiyini açıqlayıb.
Sözügedən cihazların Florida mərkəzli təhlükəsizlik texnologiyası şirkəti SpecOps tərəfindən Türkiyədəki xilasetmə qruplarına göndərildiyi öyrənilib.
ABŞ DAXİLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ VƏ NASA BİRLİKDƏ İSTEHSALI -
NASA "Fəlakət anında Fövqəladə Hallara Müdaxilə üçün Fərdlərin Tapılması", yəni FINDER-in NASA və ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən birgə hazırlandığını və daha sonra bu texnologiyadan kommersiya məqsədləri üçün istifadə etmək istəyən SpacOps şirkətinə istehsal lisenziyası verildiyini vurğuladı.
FINDER texnologiyası dağıntılar altında olan insanların ürək döyüntülərini və ya nəfəslərini aşkar etmək üçün mikrodalğalı radardan istifadə edir və beləliklə bədən hərəkətlərini aşkar edir.
FINDER prototiplərini hazırlayan NASA qrupunun lideri Jim Lux cihazın iş prinsipini belə izah edir: "Bədəniniz hər ürək döyüntüsündə bir millimetr hərəkət edir. Dağıntılar hərəkət etmədiyi üçün cihaz bu hərəkətləri ayırd edə bilir. Biz bu hərəkətin tənəffüs və ya ürək döyüntüsünü göstərdiyini yoxlayırıq"
Keçən həftə NASA zəlzələ bölgəsindəki səlahiyyətlilərə kömək edə biləcəyini söylədiyi peyk şəkilləri və məlumatları paylaşdı.
Qeyd edək ki, cihaz ilk dəfə 2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra axtarış və xilasetmə işlərində istifadə edilib. Türkiyəni sarsıdan zəlzələlərdən sonra sosial mediada cihazın axtarış-xilasetmə işlərində istifadə olunması üçün çağırışlar edilib.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.