Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra Numan Kurtulmuş Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini də ziyarət edib.