Sudandakı münaqişələr səbəbindən 4 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında münaqişələrin davam etdiyi Sudandakı vəziyyətə dair açıqlama verib.
Ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalar səbəbilə aprelin 15-dən bəri Sudanda 4 milyondan çox insanın məcburi köçkün edildiyini bildirən Spindler Sudanda sağlamlıq vəziyyətinin pisləşməsindən narahat olduqlarını dilə gətirib.
700 mindən çox insanın qonşu ölkələrə qaçdığını, 195 min cənubi sudanlının isə qarşıdurmalar səbəbindən geri qayıtmaq məcburiyyətində qaldığını qeyd edən Spindler 3 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü vurğulayıb.
Sudanın mövcud humanitar yardım qaynaqlarından daha çox ehtiyacı olduğunu vurğulayan Spindler Ağ Nil əyalətində zəruri dərman, personal və ləvazimat çatışmazlığının oradakı 10 qaçqın düşərgəsində sağlamlıq və qidalanma xidmətlərinə mane olduğunu ifadə edib.
"Mayın 15-dən iyulun 17-dək qızılca və qeyri-kafi qidalanma səbəbindən ümumilikdə 5 yaşından aşağı olmaqla 300-dən çox ölüm olduğu bildirildi. Həyatı xilas edən sağlamlıq proqramlarının maliyyələşdirilməsi gecikməyə davam edərsə, bu rəqəmlər çox güman ki, artacaq", - Spindler bildirib.
Münaqişənin başlanğıcından bəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə işçiləri çatışmazlığı və sağlamlıq mərkəzlərinə hücumlar barədə məlumat verdiyini xatırladan Spindler "Sudanda davam edən leysan yağışların səbəb olduğu sel və qeyri-kafi sanitar qurğulara görə qarşıdan gələn aylarda daha çox vəba və malyariya hadisəsi gözlənilir" deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.