Laçın Şəhəri Günü münasibəti ilə “Laçın, biz qayıtdıq” mövzusunda təşkil olunmuş tədbir keçirilib.
AzadMedia.az xəbər verir ki, tədbir başlamazdan öncə Masallı şəhər Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsinin qarşısı və Qəhrəmanlar parkında yerləşən şəhidlər abidə kompleksinə gül qoyulmuşdur. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, Laçın rayondan məcburi köçkün ailəsi, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, ictimai birliklərin sədrləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, mətbuat nümayəndələri iştirakı ilə Heydər Əliyev Mərkəzində 26 Avqust- Laçın Şəhəri Günü münasibəti ilə “Laçın, biz qayıtdıq” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçının işğaldan azad olunması haqqında xalqa müraciətinin video - çarxı nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi, hər il təyin edilmiş tarixlərdə işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunmasını diqqətə çatdırdı. Geniş nitqində qeyd etdi ki, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Qısa müddət ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə, bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Mayın sonunda ilk 20 ailə Laçında yerləşdirilib. Qeyd edək ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb: daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır.Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanır və böyük quruculuq işləri həyata keçirilərək insanlar öz yurdlarına mərhələli şəkildə qayıdır.
Beləliklə, sonda bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan dağlar diyarı Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, bütün laçınlılar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Daha sonra Milli Məclisin deputatları - Tarix elmləri doktoru, Professor Anar İsgəndərov və Məşhur Məmmədov, Laçın rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Hidayət Mahmudov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Əntiqə Tağıyeva, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov çxışlarında Vətən müharibəsindəki qələbəmizdən, Laçının azadlığından danışıblar.
Natiqlər işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib.