Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də regiondakı mövcud vəziyyət müzakirə edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
V.Bayramov vurğulayıb ki, Ermənistan tərəfinin sülh gündəminə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanatları, ritorika və təxribatları regionda davamlı sülhün bərqərar olmasına yönəlmiş səy və təşəbbüslərə zərbə vurur. Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiq olmasına baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb.
Qeyd olunub ki, Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” ilə bağlı əsassız iddialar fonunda Ağdam-Xankəndi yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşdirilməsi təklifindən imtina etməsi onu göstərir ki, vəziyyət humanitar deyil, daha çox siyasi xarakter daşıyır.
Xüsusilə Ermənistan tərəfindən Azərbaycana qarşı siyasi və hərbi təxribatların artması fonunda belə addımların beynəlxalq ictimaiyyət tərəfindən pislənməsinin vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.