Nigeriya şimal-şərqdə törədilən terror aktları səbəbindən 13 ildə 100 milyard dollar itirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) dərc etdiyi hesabatda Nigeriyanın Adamava, Borno və Yobe əyalətlərində hücumlar həyata keçirən Boko Haram terror təşkilatının ölkə iqtisadiyyatına ziyan vurduğu bildirilib.
Hesabatda ştatlarda törədilən terror aktlarının 13 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğu, hətta münaqişələr bitsə belə, zərərin 150-200 milyard dollara çata biləcəyi qeyd edilib.
UNICEF-in Nigeriya Nümayəndəsi Cristian Munduate hesabatla bağlı verdiyi açıqlamada münaqişələrin ölkə iqtisadiyyatının inkişafını pozduğunu bildirib.
Minlərlə uşağın həyatının təhlükə altında olduğunu qeyd edən Munduate “2021-ci ildə bir milyon uşaq qarşıdurmalar səbəbiylə məktəbə getmədi, təxminən 900 min uşaq qidasız qaldı, 300 minə yaxın uşağın kəskin xəstəlikdən əziyyət çəkdiyi təxmin edilir" deyib.
Nigeriyanın daha parlaq gələcəyini təmin etmək üçün sülh və uşaq hüquqlarının qorunmasına üstünlük verilməsini istəyən Munduate, UNICEF tərəfindən dərc olunan hesabatın gənc nəslin gələcəyini qorumaq üçün təcili hərəkətə çağırış olduğunu bildirdi.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada 2009-cu ildən mövcud olan terror təşkilatı Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.