Bakı, 12 sentyabr — Azadmedia.azNaxçıvan Muxtar Respublikasına səfər edən türkiyəli iş adamları Ordubad rayonunun investisiya imkanları ilə tanış olublar. Ordubad Rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vurğulayıb ki, ölkəmizin iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib. Bu baxımdan mühüm strateji mövqedə yerləşən muxtar respublikanın dilbər guşəsi olan Ordubad türkiyəli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir.
İcra başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə ölkəmizin inkişafını təmin edib, onu Cənubi Qafqazın lider dövlətinə çevirib. Ümummilli Liderimizin Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını əbədi və daimi edən “Biz bir millət, iki dövlətik” kəlamı iki ölkənin sarsılmaz qardaşlıq əlaqələrində aparıcı amilə çevrilib. Mustafa Kamal Atatürkün “Türk qapısı”, Kazım Karabekirin “Şərq qapısı” adlandırdığı Naxçıvan ölkələrimiz arasındakı yaxın münasibətlərin inkişafında mühüm rola malikdir. Zəngəzur dəhlizi açıldıqdan sonra iki ölkə arasında nəqliyyat, iqtisadi-ticarət əlaqələri daha da inkişaf edəcək. Potensial biznes imkanlarının inkişaf etdirilməsi türkiyəli iş adamları ilə əlaqələri daha da gücləndirəcək, bölgədə investorların cəlb edilməsi ilə yeni sosial-iqtisadi imkanlar yaranacaq.
Vətən müharibəsindən sonra yaranan yeni reallığı, o cümlədən Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini diqqətə çatdıran Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutunun yaradılmasının dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə şərait yaratdığını qeyd edib.
İcra başçısı Ordubadın tarixi abidələri, təbii resursları, istehsalat sahələri, inkişaf perspektivləri, zəngin flora və faunası, turizm rekreasiyaları, rayonun ümumi inkişaf meyarları haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, Ordubadı “Azərbaycanın incisi” adlandıran Ulu Öndərimiz 1969-1982-ci illərdə rayonun inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib. Vaxtilə uğurla fəaliyyət göstərən Ordubad konserv zavodunda, ümumilikdə, 20 adda müxtəlif konserv məhsulları istehsal olunub. Onlardan 8-i keyfiyyət nişanı alıb. 1969-cu ildən sonra Ordubaddakı ipək fabriki tamamilə yenidən qurulub, fabrik üçün yeni bina inşa edilib. Burada 42 ədəd STB2-216 markalı toxucu, 39 ədəd açma və burucu dəzgah quraşdırılıb, toxucu sexi yaradılıb. Fabrikdə 860 nəfər işçi çalışıb. 1980-ci ildə fabrikdə məhsul istehsalı artaraq 103 ton 823 kiloqrama, 1985-ci ildə isə 115 ton 307 kiloqrama çatdırılıb. Baramaçılığın inkişafı əhalinin məşğulluğunun təmin edilməsində, onların ailə büdcəsinin formalaşdırılmasında böyük rol oynayıb. Bura təkcə muxtar respublikanın rayonlarından deyil, həm də ölkəmizin digər bölgələrindən də barama gətirilib, ipək istehsal edilib. 1987-1988-ci illərdə isə fabrikin istehsalı tamamilə dayandırılıb. İcra Hakimiyyətinin başçısı hazırda konserv zavodunun və ipək fabrikinin fəaliyyətə başlaması üçün böyük perspektivlərin olduğunu qeyd edib. O, həmçinin zəngin floraya malik olan Ordubadda dərman bitkilərindən istifadə edilərək onun müxtəlif sahələrdə istehsalına və emalına investisiya yatırılması imkanlarından da ətraflı bəhs edib.
Türkiyə iş adamlarından ibarət heyətin rəhbəri, İDEA COSULTANCY təmsilçisi Ercan Dəmirçi işgüzar görüşə, yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, belə görüşlərin və prezentasiyaların keçirilməsi Ordubad rayonuna gələcəkdə sərmayə qoyulmasına, təbii və antropogen resurslarından istifadə olunmasına böyük töhfə verəcəkdir.
Görüşdən sonra iş adamları Ordubad şəhərinin tarixi məkanlarını ziyarət edib, Zəngəzur dəhlizindən rayon ərazisinə daxil olan yollara baxış keçirilib. Sonra Dırnıs kəndində türk şəhidi Həsəni Bəşir Türk oğlunun xatirəsinə ucaldılmış memorial abidə ziyarət olunub.