Bakı, 13 sentyabr — Azadmedia.az Masallıda “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Ombudsmanın Cənub Regional Mərkəzi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə muzeydə keçirilən tədbirdə təşkilatçı idarələrin nümayəndələri, mədəniyyət işçiləri və gənclər iştirak edib.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva BMT- nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə 21 sentyabrın dünyada “Sülh Günü”, 21 avqust – 21sentyabrın isə ölkəmizdə “Sülh aylığı kimi qeyd olunması, sülhün dünyada və ölkəmizdə gələcəyin daha mükəmməl qurulması əhəmiyyətindən geniş danışdı.
Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev çıxış ediblər. Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan dövləti ölkəmizdə sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görür. Sülh aylığı çərçivəsində ölkəmizdə uğurla həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının layiqincə qorunmasına xidmət edir. Ölkəmizdə bütün rəsmi dini qurumların sülh və sabitliyin qorunmasında, vicdan, eyni zamanda dini etiqad azadlığının təmin olunması çərçivəsində fəaliyyət göstərdiyi vurğulandı. Həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə sayəsində regionda davamlı sülhün bərqərar olması da diqqətə çatdırılıb.
Ülkər Piriyeva