Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov evlərindən zorla qovulmuş azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına görə Ermənistanı beynəlxalq məsuliyyətə cəlb etməyə çağırıb. Azadmedia.az xəbər verir ki, diplomat bunu BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında bəyan edərək, Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıcında minlərlə azərbaycanlının hüquqlarının kobud şəkildə pozulduğunu xatırladıb. “1987-ci ildən 1991-ci ilə qədər Ermənistanda yüz minlərlə azərbaycanlı öz yurd-yuvasından zorla qovulub. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Biz gözləyirik ki, Ali Komissar və BMT-nin digər ixtisaslaşmış strukturları Ermənistanda öz yurd-yuvalarından qovulmuş azərbaycanlıların hüquqları ilə bağlı məsələ qaldıracaqlar”. Bayramovun sözlərinə görə, belə bir addım ədalətin bərqərar olması yolunda son dərəcə əhəmiyyətli olacaq və ermənilərlə azərbaycanlılar arasında real barışıq üçün stimul rolunu oynayacaq.
Azərbaycan XİN rəhbəri həmçinin Ermənistanı birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının yeri ilə bağlı məlumatları açıqlamağa çağırıb. “Digər aktual məsələ 1990-cı illərin əvvəllərində müharibə zamanı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlıdır. “Təəssüf ki, Ermənistan humanitar və insan haqları sahəsində öz öhdəliklərini yerinə yetirmək və itkin düşmüş şəxslərin harada olması barədə məlumatları açıqlamaq çağırışlarımıza ardıcıl olaraq məhəl qoymur”. Bayramov eyni zamanda vurğulayıb ki, Bakı ilə İrəvan arasında mövcud fikir ayrılıqlarına və problemlərə baxmayaraq, Azərbaycan Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizliyinə təminat verir, onlara bütün Azərbaycan vətəndaşları ilə eyni hüquqlar verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.