Bakıda keçiriləcək MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizə işgüzar səfərə gəlib.
Azərbaycan Respublikasının Baş prokuroru ilə Rusiyalı həmkarı arasında baş tutan ikitərəfli görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndiyi, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd edilib.
Azərbaycan və Rusiya prokurorluqları arasında işgüzar əlaqələrin genişləndirildiyini vurğulayan Kamran Əliyev yeni əməkdaşlıq imkanlarının araşdırılmalı olduğunu, mövcud əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyi və perspektivlərindən danışıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İqor Krasnov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qanunun aliliyi və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.