AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCAN HƏM DİPLOMATİYA MÜSTƏVİSİNDƏ, HƏM DƏ SAVAŞ MEYDANINDA BƏDXAHLARIMIZA İBRƏT DƏRSİ KEÇDİ

  • + A
  • - A
  • 23-09-2023, 13:57

    AZƏRBAYCAN HƏM DİPLOMATİYA MÜSTƏVİSİNDƏ, HƏM DƏ SAVAŞ MEYDANINDA BƏDXAHLARIMIZA İBRƏT DƏRSİ KEÇDİ

    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası bir daha göstərdi ki, Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddialarını təsbit edən Ermənistan bu mötəbər təşkilatın tribunasından yalan və iftiralarının təbliği məqsədilə hələ də istifadə edə bilir. Qısa zaman kəsiyində bu, Ermənistanın ikinci belə cəhdi idi. Sual oluna bilər ki, kiçik bir ölkə öz yalanları ilə nüfuzlu qurumun tribunasına belə asanlıqla necə yol tapa bilir? Son 30 ilin acı təcrübəsi göstərdi ki, Ermənistan istər torpaqlarımızı işğal edərkən, istərsə də işğalla bağlı yaranmış status-kvo vəziyyətini saxlamağa nail olduğu illərdə heç vaxt tək olmayıb. Bütün dövrlərdə Ermənistanı “sevimli bacısı” kimi əzizləyən Fransa ilə yanaşı, bəzi başqa ölkələr də ona açıq və ya gizli şəkildə dəstək verib. BMT-də ölkəmizlə bağlı aparılmış son iki müzakirənin baş tutma səbəbini Ermənistana havadarlar dəstəyinin mövcudluğunda axtarmaq lazımdır. Belə dəstək olmasaydı, Təhlükəsizlik Şurası 27 il ərzində heç olmasa bircə dəfə toplanıb özünün qəbul etdiyi məlum dörd qətnaməsinin icrasını Ermənistandan tələb edərdi. Təsadüfi deyil ki, üzləşdiyimiz bu rüsvayçı reallığa qarşı tarixi mübarizəmizin nəticələrini Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında belə dəyərləndirmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

    Təəssüf ki, BMT Təhlükəsizlik Şurasında Fransa Xarici İşlər nazirinin ölkəmizə qarşı ənənəvi olaraq sərgilədiyi ədalətsiz mövqeyini və əsassız iddialarını Almaniyanın Xarici İşlər naziri də bölüşdü. Bu, cəmiyyətimizdə ona görə təəssüf hissi ilə qarşılandı ki, Almaniya ötən illər ərzində özünün ölçülü-biçili, ən azından bitərəf mövqeyi ilə Fransadan fərqlənirdi. Fransanın aşırı erməni sevdası Azərbaycanda çoxdan məlumdur. Bununla bağlı bəzilərinin ən çox istifadə etdiyi əks-arqument ondan ibarətdir ki, Fransanın tərəfkeşliyində qeyri-adi heç nə yoxdur, çünki qardaş Türkiyə də həmişə Azərbaycanı dəstəkləyir. Ölkəmizdə bu cür utancverici eyniləşdirməni aparanlar əsasən radikal müxalifətin təmsilçiləri və onun xaricdəki informasiya ruporlarıdır. Eyniləşdirmə ona görə uğursuz və utancvericidir ki, qardaş Türkiyə, Fransadan fərqli olaraq, işğalçı Ermənistanın deyil, işğala məruz qalan Azərbaycanın yanında yer alıb. Ərazi bütövlüyümüzə qəsd edən Ermənistanın və Qarabağdakı qondarma separatçı rejimin yanında yer alanlardan fərqli olaraq, Türkiyə haqqın və haqlının, tarixi ədalətin və beynəlxalq hüququn tərəfində dayanıb. Qardaş Türkiyə ilə ortaq tarixi köklərimiz, ortaq milli-mənəvi dəyərlərimiz isə onun Azərbaycanın haqq işinə verdiyi ədalətli dəstəyinə yalnız əlavə güc qatıb. Eyni dəyərləri işğalçı Ermənistana verilən hərbi-siyasi dəstəkdə axtarmaq riyakarlıqdır, onları tapmaq isə qeyri-mümkündür. Almaniya təmsilçisinin bu dəfə haqsızın yanında olması təəssüratını möhkəmləndirən ritorikası və almanların “soyuq” diplomatiya üslubuna xas olmayan emosional çıxışı cəmiyyətimiz tərəfindən heç cür anlaşılmadı və yalnız təəssüf hissi doğurdu. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin çıxışı isə artıq neçənci dəfədir ki, bu təşkilatın prezidenti Şarl Mişelin balanslı mövqeyindən kəskin şəkildə fərqlənir. Baxmayaraq ki, Avropa İttifaqı uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətini, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və digər müharibə cinayətlərini pisləməkdən, hətta Xocalı soyqırımını tanımaqdan belə, nədənsə həmişə çəkinib. Elə təəssürat yaranır ki, sanki bu təşkilatın özündə də fərqli məqsədlərə xidmət edən və fərqli dəyərləri bölüşən siyasi cərəyanlar, yaxud siyasi qanadlar mövcuddur. Hər bir halda, BMT kimi mötəbər təşkilatın kürsüsündən Azərbaycanla az qala hədə və təhdid dilində danışmaq cəhdi nə siyasətçiyə, nə də təmsil olunduğu təşkilatın nüfuzuna hörmət gətirmir. Eyni zamanda, bu cür ritorika Brüsselin vasitəçilik səylərinə cəmiyyətimizdə göstərilən ictimai etimada da kölgə salır.

    Cənab Borrelin iddia və tələbləri həm bölgəmizdəki reallıqla, həm də beynəlxalq hüququn əsas müddəaları ilə ziddiyyət təşkil edir. Onun “Laçın dəhlizinin dərhal açılması” və “ bütün yüklərin maneəsiz daşınması” ilə bağlı tələbi göstərir ki, erməni yalanları, həqiqətən, çox tez ayaq tuta bilib. Təsadüfi deyil ki, böyük dövlət və siyasət adamı Uinston Çorçill vaxtilə belə demişdi: “Həqiqət şalvarını geyənə qədər, yalan bütün dünyanı dolaşar”. Axı, cənab Borrel bilməmiş deyil ki, müharibədən sonrakı iki il ərzində Ermənistan bu yoldan humanitar niyyətlə deyil, əsasən hərbi məqsədlərlə istifadə edib, Qarabağdakı silahlı birləşmələrinin təchizatını da bu yol vasitəsilə həyata keçirib. Laçında sərhəd-keçid məntəqəsinin qurulması suveren hüquqlarımızın tərkib hissəsi olmaqla yanaşı, həm də qeyri-humanitar təşəbbüslərin qarşısının alınmasına yönəlib. Bu məntəqədən indiyədək minlərlə erməni hər iki istiqamətdə maneəsiz şəkildə hərəkət edib. Ermənistanın təəssübkeşləri onu da bilməmiş deyillər ki, erməni separatizminin cücərib möhkəmlənməsi vaxtilə məhz bu yolun separatçıların nəzarətinə keçməsi ilə bağlı olub. Son anti-terror əməliyyatına qədər, Ermənistan və onun maliyyələşdirdiyi separatçı rejim Laçın yoluna “miatsum” xülyalarını gerçəkləşdirə biləcəkləri yeganə “birləşmə” fürsəti kimi baxırdılar. Əgər kimsə hesab edirdisə ki, Azərbaycan bu imkanı separatçılara yenidən tanıyacaq və Laçın yolunda ölkəmizin sərhəd-gömrük qanunvericiliyi işləməyəcək, belələri özlərini və boş ümidlər verdikləri xunta rejimini aldadıblar. Ərazi bütövlüyümüzə hörmətlə yanaşdıqlarını iddia edənlər suveren hüquqlarımızın bərpası naminə gördüyümüz legitim addımlara da hörmətlə yanaşmalıdırlar. Əgər kimsə Qarabağda “humanitar fəlakətin” yaşanması ilə bağlı erməni yalanına, həqiqətən, inanırsa və onun erməni əhalisinə yardım istəyinin arxasında siyasi maraqlar dayanmırsa, ən azından deyə bilərdi ki, bunun üçün Ağdam-Xankəndi yolundan istifadə etməyə hazırdır. Bunu edərdisə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə sözdə deyil, əməldə hörmət göstərmiş olardı, eyni zamanda, separatçıları boş yerə yenidən ümidləndirməzdi.

    Azərbaycanın öz ərazisində həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatının yolverilməzliyi və guya bu əməliyyatla mülki erməni əhalisinin hədəfə alınması ilə bağlı əsassız iddialara gəldikdə isə, bizə inanmayanlar yaxşı olardı ki, Ermənistanın baş naziri N.Paşinyanın açıqlamasına diqqət yetirsinlər. Onun özü də etiraf etdi ki, Qarabağdakı mülki ermənilərin həyatına ciddi və birbaşa təhlükə olmayıb, mülki infrastruktur hədəf götürülməyib. Azərbaycan cəmiyyəti inanmaq istəyir ki, Xarici İşlər naziri Ceyhun Bayramovun BMT-dəki çıxışı zamanı gətirdiyi obyektiv dəlillər və nümayiş etdirdiyi əyani sübutlar dünya ictimaiyyətini erməni yalanları ilə aldatmaq və çaşdırmaq istəyənlərin rüsvayçı planını yarımçıq qoya bildi. Nə yaxşı ki, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın fərqli coğrafiyalarında yaşayan sadə insanlar Ermənistanın havadarları kimi riyakar deyillər, həqiqəti kimlərinsə siyasi və şəxsi maraqlarına qurban verməyəcək qədər cəsarətli və ədalətlidirlər. Gözləri bağlananlardan və qulaqları eşitməyənlərdən fərqli olaraq, sadə insanlar görür ki, Azərbaycanın anti-terror əməliyyatında verdiyi şəhidlər Ermənistanın və onun maliyyələşdirdiyi separatçı rejimin Qarabağda saxladığı qanunsuz erməni silahlı birləşmələrinin qurbanlarıdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin.

    Ermənistan üç il əvvəl öz öhdəliyinə əməl edib silahlı dəstələrini ərazilərimizdən çıxarsaydı, xunta rejiminin maliyyələşdirilməsini dayandırsaydı, sentyabrın 2-də separatçı rejimə təbrik məktubu göndərməklə onu yeni təxribatlara və terrora həvəsləndirməsəydi, müharibədən sonra mina terrorunu davam etdirməsəydi, nəhayət, hərbi-siyasi təxribatlarından birdəfəlik imtina etsəydi, yəqin ki, anti-terror əməliyyatına da ehtiyac qalmazdı. Cəmiyyətimiz hələ də ümid edir ki, erməni hərbi qüvvələri silahlarını yerə qoyub ağ bayraq qaldırdıqdan və rəsmi Bakının tələblərini qəbul etdikdən sonra, xaricdəki məlum dairələr yersiz ifadələri və məsuliyyətsiz bəyanatları ilə onları yenidən çaşdırmayacaq, yeni avantüralara şirnikləndirməyəcək. Cəmiyyətimiz ona da ümid edir ki, Prezident İlham Əliyevin sentyabrın 20-də xalqımıza etdiyi müraciətində səsləndirdiyi bu fikirlər Azərbaycanı əsassız olaraq hədəf seçən dairələri ədalətsiz və qızışdırıcı mövqelərindən çəkinməyə sövq edə biləcək: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər-nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin”. Azərbaycan Prezidenti onun bu çağırışından adekvat nəticə çıxarmaq üçün siyasi iradəsi yetməyən və yalançı erməni təəssübkeşliyi adı altında yalnız öz siyasi maraqlarını güdən dairələrə xəbərdarlığını da etdi: “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!”

    Azərbaycan cəmi bir günlük lokal xarakterli anti-terror əməliyyatı ilə suveren hüquqlarını bərpa etdi, Ermənistanda hələ də revanş hissi ilə yaşayanlara və onları xaricdən qızışdıran dairələrə növbəti möhtəşəm Qələbəsi ilə əsl ibrət dərsi keçdi. Qarşıdan gələn 27 sentyabr-Anım Günündə fərqli çoğrafiyalarda yaşayan Dünya Azərbaycanlıları ərazi bütövlüyümüz və suverenliyimizlə yanaşı, tarixi ədalətin bərpası və milli ləyaqətimizin qorunması naminə həyatlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini yad edəcək. Xalqımız üçün bu tarix Şəhidlərimizin Anım Günü olmaqla yanaşı, milli kimliyimizin və milli qürurumuzun təntənəsi Günüdür! Bəlkə bədxahlarımız məhz həmin gün, nəhayət, anlayarlar ki, haqq savaşına çıxmış Azərbaycan xalqı və onun Müzəffər Lideri hər cür fədakarlığa hazır olduğu və bir yumruq kimi birləşdiyi üçün tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə bərpa edə bildi. Azərbaycan tarixi Zəfərini qorumaq naminə bundan sonra da hər cür fədakarlığa hazırdır! Çünki bu Zəfərin arxasında Şəhidlərimizin qanı-müqəddəs dəyərlərimiz dayanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR