Xəbər verildiyi kimi, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.
Həmçinin Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla yola düşəcək.
Qeyd edək ki, 25 sentyabr axşam saatlarında Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.