30 ildən sonra bir ilk... Səudiyyə Ərəbistanı nümayəndə heyəti Fələstinə getdi
Azadmedia.az xəbər verir ki, İsraillə münasibətləri normallaşdırmaq üçün danışıqları davam etdirən Səudiyyə Ərəbistanı, otuz ildən sonra ilk dəfə İsrailin işğalı altında olan İordan çayının qərb sahilinə nümayəndə heyəti göndərib.
Belə ki, Səudiyyə Ərəbistanının Fələstindəki ilk səfiri Nayif bin Bəndər əs Sudeyrinin başçılıq etdiyi nümayəndə heyətinin dünən iki günlük rəsmi səfər üçün İordan çayının qərb sahilinə getdiyi bildirilib.
Beləliklə, 1993-cü ildə Oslo razılaşmasının imzalanmasından sonra Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilk dəfə İordan çayının qərb sahilinə getdi. Sudeyri Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb, prezident Mahmud Abbas tərəfindən qəbul edilib və etimadnaməni təqdim edib. Sudeyrinin baş nazir Məhəmməd Ştiyye ilə də görüşü planlaşdırılır. Ötən ay Fələstin ərazilərinə qeyri-rezident səfir və Qüdsdəki baş konsul təyin edilən Sudeyrinin Ramallaha səfəri ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlara rəhbərlik etdiyi dövrə təsadüf edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün Fələstinin lehinə güzəştlər tələb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.