Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi layihəsi Tehran administrasiyası tərəfindən rədd edilib. Azadmedia.az xəbər verir ki, İran prezidenti Rəisi bu layihənin NATO-nu bölgəyə cəlb edəcəyini əsas gətirərək ona qarşı olduqlarını açıqlayıb.
Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsi ilə bağlı İrandan mənfi bəyanatlar gəlməkdə davam edir. Nəhayət, İran prezidenti İbrahim Rəisi Zəngəzur dəhlizinin açılmasının “qətiyyətlə əleyhinə” olduğunu bildirib. Rəisi ötən gün paytaxt Tehranda Azərbaycan prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Xələf Xələfov və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə ayrı-ayrılıqda görüşlər keçirərək Qafqaz regionunda baş verən prosesləri müzakirə edib.
Bildirilib ki, Rəisi hər iki görüşdə həmsöhbətlərinə “Zəngəzur dəhlizinin açılması NATO-nun regionda mövcudluğu üçün əsas olacaq, bölgə ölkələri üçün milli təhlükəsizliyə təhdid yaradacaq və bu səbəbdən İranın qəti şəkildə əleyhinə olduğunu” deyib. Rəisi Qafqazda istənilən geosiyasi dəyişikliyi “qəbuledilməz” adlandırıb və bunun region ölkələrinin maraqlarına zərər verə biləcəyini müdafiə edib. Üçüncü ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduqlarını bildirən Rəisi “Ermənistan və Azərbaycan arasındakı problemlərin dialoq yolu ilə həll edilməli olduğunu” vurğulayaraq, İranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib. Bölgədəki ölkələrin problemlərini təkbaşına həll etmək gücündə olduğunu deyən Rəisi Türkiyə, Azərbaycan, İran, Ermənistan, Gürcüstan və Rusiyanın daxil olduğu 3+3 formatına işarə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.