Politoloq Ülkər Piriyeva Azadmedia.az-a İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı açıqlama verib.
Politoloq bildirib ki, “Bugün səhər saatlarında baş verənlər Həmasın Qəzzaya nəzarəti ələ keçirməsindən ötən 15 ildən artıq müddətdə görülməyib. Təbbi ki, israillilər və fələstinlilər arasında aylarla davam etmiş zorakılıq və artan gərginlikdən sonra baş verənlər əlbəttə ki, üzücüdür.
Həmçinin buna İsrail kəşfiyyatının böyük uğursuzluğu da demək olar. Bu ölkə Yaxın Şərqin həm daxildə, həm də xaricdə ən böyük və inkişaf etmiş kəşfiyyat şəbəkələrindən birinə sahibdir. Ancaq Həmas diqqətlə hazırlanmış bu hücumu İsrailə qarşı tamamilə məxfilik şəraitində planlaşdırıb həyata keçirə bildi. Fələstinin silahlı qruplaşması olan Həmas silahlıları tam 20 dəqiqə ərzində 5 min raket zərbəsi endirdiyini bildirərək hücuma görə məsuliyyəti üzərinə götürdü. Lakin İsrailin buna ağır cavab verəcəyi bəllidir. Belə ki, İsrail hücuma məruz qaldığını, faktiki olaraq Həmasın İsrailə müharibə elan etdiyini açıqladı. Sözsüz ki, gözləntilər, israillilərin planlaşdırdıqları çox güclü cavab olacaq, hansı ki, onlar bu cavabın olacağını bildirirlər. Çünki, İsrail döyüşçüləri belə HƏMAS-ın bu dərəcədə hava qüvvələrinə malik olduqlarını gözləmirdi. Qeyd edim ki, İsrailin Qəzzaya qoşun yeritməsi ehtimalı böyükdür. Düşünürəm ki, bu üzücü vəziyyət sürətlə davam edəcək və daha da ağırlaşacaq. Hər bir halda, qeyri-sabit olan vəziyyətin bu hadisələrlə daha da gərginlənəcəyi şübhəsizdir.
Hesab edirəm ki, hazırda israillilər və fələstinlilər üçün bu, tamamilə gözlənilməz və olduqca narahatedici haldır.”
Piriyeva, “Ancaq onu da qeyd etməliyəm ki, Azərbaycanla İsrail arasında hazırda bənzərsiz münasibətlər mövcuddur. Bu dostluq münasibətlərinin kökü tarixə gedir. İlk növbədə, Azərbaycan və yəhudi xalqları arasındakı güclü bağlantı, dostluq münasibətlərimizin əsasını təşkil edir. Xatırlatmaq yerinə düşərdi ki, İsrail dövləti hər zaman Azərbaycanın yanında olub, İkinci Qarabağ müharibəsində ölkəmizin haqq işini dəstəkləyib.
Əlbətdə ki, bu münasibətlər qarşılıqlıdır, biz də dost ölkə olaraq bu hadisələrdən olduqca narahatıq, bununla əlaqədar olaraq, bugün, Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət olunan hücumları qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik. Hər zaman olduğu kimi bu çətin vaxtlarda da dost İsrail xalqının yanındayıq,” - deyə əlavə edib.