Dövlətimizin başçısı İlham Əliyev 20 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir. Prezident İlham Əliyevin veteranlara, o cümlədən şəhid ailələrinə olan diqqət və qayğısı vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini, onların fədakarlığını necə yüksək qiymətləndirdiyini göstərir.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin 20 illik fəaliyyətinin bütün vətəndaşlar, eləcə də veteranlar tərəfindən məmnunluqla qarşılandığını, ölkə başçısının ümumxalq sevgisi qazandığını bildirib: “Son 20 ildə ölkəmizdə veteranlara, şəhid ailələrinə yönəlik sosial layihələrin sayına, bu layihələrin icrasına ayrılan vəsaitlərin miqdarına nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət həqiqətən də misilsizdir. Nümunə üçün qeyd edək ki, yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. 2020-ci ilin Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Ümumilikdə isə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub ki, bu da çox yüksək göstəricidir. Bu rəqəmlərin özü sübut edir ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin, veteranların, müharibə əlillərinin mənzil-məişət problemini yaxşılaşdırmaq üçün ciddi addımlar atıb, onların hər bir probleminə xüsusi diqqətlə yanaşıb”.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, “YAŞAT” Fondunun yaradılması, habelə bu Fonda milyonlarla manat vəsaitin ayrılması gerçəyi də ölkə başçısının veteranlara, onların sağlamlığına verdiyi diqqətin göstəricisidir: “Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb ki, məqsəd müharibədə yaralanan, sağlamlıq problemi yaşayan veteranların müalicəsini yüksək səviyyədə həyata keçirməkdədir. İndiyədək yüzlərlə veteranın “YAŞAT” Fondu vasitəsi ilə Türkiyə və digər ölkələrdə müalicəsi, respublikamızdakı ən müasir xəstəxanaların, tibbi avadanlıqların imlanlarından yararlanması faktı buna nümunədir. “YAŞAT” Fonduna vətəndaşlarla yanaşı, dövlətimiz tərəfindən də ciddi maliyyə dəstəyi göstərilməkdədir. Prezidentin bu ilin 19 aprel tarixli Sərəncamı ilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “YAŞAT” Fonduna 5 milyon manat vəsait ayrılıb. Həmin vəsait “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün” nəzərdə tutulub”.
Respublika Veteranları Təşkilatının sədr müavininin sözlərinə görə, şəhid ailələrinə, müharibə əlilləri və veteranlara Heydər Əliyev Fondu tərəfindən də mütəmadi diqqət göstərilməkdədir: “Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, habelə veteranlarla bağlı mühüm sosial kampaniyalar həyata keçirən qurumlardan biri də Heydər Əliyev Fondudur. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq Fond tərəfindən 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə ümumilikdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, 89 Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir”.
Cəlil Xəlilov deyib ki, dövlətimizin başçısı ölkəmizdə veteran hərəkatının da inkişafına böyük töhfə verib, veteranların sosial durumunun, mənzil şəraitinin yaxşılaşması, veteranların təcrübəsindən gənc nəslin faydalanması üçün daha optimal şəraitin yaradılmasını istiqamətində mühüm addımlar atıb: “Prezident İlham Əliyev 20 illik fəal siyasi fəaliyyəti dövründə veteranlara da ciddi dəstək verib, onların qayğı və problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb. Bunu təşkilatımıza olan münasibətin timsalında da aydın şəkildə görmək olar.
“Bizim üçün qürurvericidir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının açılışında iştirak edib. Hansı ki, müasir tələblərə yüksək səviyyədə cavab verən bu binada veteranların aktiv ictimai fəaliyyət göstərməsi üçün hər cür imkan mövcuddur. Məhz bizə yaradılan şəraitin nəticəsidir ki, Respublika Veteranlar Təşkilatı kimi binamızda mütəmadi şəkildə ölkənin ictimai-siyasi gündəmini əhatə edən məsələlərlə bağlı mütəmadi tədbirlər təşkil edilir. Binada digər veteranlar təşkilatları da müxtəlif tədbirlərin keçirilməsində iştirak edir, ictimai maarifçilik fəaliyyətlərində Təşkilatımıza yaradılan bu imkandan faydalanırlar. Bütün bunların hamısı Prezident İlham Əliyevin veteranlara, onların məşğulluğuna verdiyi önəmi göstərir.
Prezidentin biz veteranlara olan münasibəti, diqqət və qayğısı bizə böyük mənəvi stimul verir, üzərimizə düşən məsuliyyət hissini artırır. Biz veteran təşkilatı olaraq bir daha bəyan edirik ki, bundan sonra da Prezidentimizi, onun müdrik siyasətini dəstəkləyəcək, hər zaman dövlətimizlə birlik sərgiləyəcək, onun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublika Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanımızın və Ordumuzun yanında olub, erməni faşizminin dezinformasiyalarına qarşı fəal mübarizə aparıb. Müharibə zamanı beynəlxalq tədbirlərdə, habelə, yerli və xarici mediaya verilən məlumatlarda erməni vəhşiliklərini və erməni vandalizmini ifşa edib, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb. Bu konkret faktlar, sübutlar əsasında göstərmişik ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu məsələdə həm hüquqi, həm də mənəvi baxımdan haqlı olan tərəf dövlətimizdir”, - deyə hərbi-siyasi ekspert fikrini yekunlaşdırıb.