AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

  • + A
  • - A
  • 15-10-2023, 08:45

    İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

    Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 20 il ötür.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.

    İlham Əliyev Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən etmişdi.

    Yekunda Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi.

    Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

    İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

    2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.

    2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb olub.

    Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.

    Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru var.

    Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi göstəricilər aşağıdakı kimidir:

    - 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib;

    - dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb;

    - strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb;

    - orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib;

    yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enib.

    Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artıb, bu vəsait həm sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir.

    Prezident İlham Əliyevim hakimiyyəti dövründə ordu quruculuğu ən başlıca, ən prioritet məsələ olub.

    2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb, ordu ən müasir silahlar və texnika ilə təchiz olunub, müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb, ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib, hərbçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb.

    Yekunda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

    İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub.

    İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir.

    Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

    Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib.

    Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub.

    Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub.

    Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

    İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.

    Cəmi 9 aya Füzuli Beynəlxalq Hava Limanı inşa edilib, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir.

    22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

    12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib.

    100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR