AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTX-nin saxladığı 10 erməni: Onlar kimdir? - Maraqlı məlumatlar

  • + A
  • - A
  • 17-10-2023, 15:30

    DTX-nin saxladığı 10 erməni: Onlar kimdir? - Maraqlı məlumatlar


    Sentyabr ayının 19-20-də keçirilən antiterror əməliyyatlarından sonra separatçı qurumun “müdafiə ordusu” ağ bayraq qaldıraraq təslim olmuş, daha sonra isə sentyabrın 28-də qondarma rejimin “prezident”i Samvel Şahramanyan tanınmamış “DQR”in “dövlət strukturları”nın 1 yanvar 2024-cü ilə qədər ləğv edilməsi barədə “sərəncam” imzalamışdı.

    Sıravi Qarabağ ermənilərinin bölgədən könüllü əsaslarla başladılan köçündən sonra əli günahsız azərbaycanlıların qanına batmış bəzi separatçı rejim nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış və onların bir çoxu Bakıya gətirilmişdi. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunan separatçılarla bağlı məlumatları təqdim edirik:

    Siyahıda ilk yerdə İkinci Qarabağ müharibəsi zamanı əli sıravi şəxslərin qanına batan, Gəncənin bombalanmasını əmr edən Araik Arutyunyan dayanır. Uzun illər separatçı rejimin “Baş naziri” və “dövlət naziri” “vəzifə”lərində çalışan A. Arutyunyan 19 may 2020-ci ildən 31 avqust 2023-cü ilə qədər qondarma “DQR”in 4-cü “prezidenti” “post”unu tutmuşdu. O, sələfləri kimi 3 oktyabr 2023-cü ildə DTX tərəfindən saxlanılaraq Bakıya gətirilmişdi.

    Siyahıda növbəti yerləri isə separatçı qurumun sabiq “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan tutur. Qondaram rejimin 2-ci “prezident”i olan A. Qukasyan 1997-2007-ci illərdə müvafiq “vəzifə”də çalışmışdı. B. Saakyan isə 2007-2020-ci illərdə “prezident” “vəzifə”sini icra etmişdi. DTX tərəfindən Bakıya gətirilən sabiq “rəhbərlər” barəsində də müvafiq olaraq cinayət işi açılmış və həbs qətimkan tədbiri seçilmişdir.

    Qondarma rejimin sabiq xarici işlər naziri, 5-ci “prezident” Samvel Şahramanyanın “müşavir”i olan Davit Babayan isə siyahımızda 4-cü yeri tutur. D. Babayan da Azərbaycana qarşı hədyan dolu çıxışlarla yadda qalan separatçılardan biri olmuşdu. O, “vəzifə”də olarkən qondarma “Artsax”ın heç bir zaman Azərbaycanın tərkib hissəsi olmayacağı ilə bağlı sərsəm bəyanatlarla çıxış etmişdi. D. Babayan 29 sentyabrda saxlanılmışdı.

    Siyahıda 5-ci yerdə “Daşnaksutyun” Partiyasının üzvü, separatçı rejim “parlament”inin “spiker”i Davit İşxanyanın adı var. Avqustun 7-də “parlament” “spiker”i “postu”nu tutan D. İşxanyan A. Arutyunyan, A. Qukasyan və B. Saakyanla birlikdə oktyabrın 3-də DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib.

    Qondarma rejimdə “dövlət naziri” “post”unda cəmi-cümlətani 4 ay qalan Ruben Vardanyan isə siyahıda 6-cı yerdə qərarlaşıb. Erməniəsilli rusiyalı emissar ötən ilin yay aylarında qanunsuz şəkildə Qarabağa gəlmiş və Rusiya vətəndaşlığından imtina edərək separatçı “Artsax”ın “dövlət naziri” “vəzifə”sinə təyin olunana qədər bölgədə “humanizm fəaliyyətlər” aparmışdı. Milyarder R. Vardanyanın adı Qarabağa gəlməmişdən öncə də bir sıra korrupsiya əməllərində də hallanmışdı.

    Özünü buraxan “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” Davit Manukyan da Azərbaycanın “radar”ına düşən separatçılar sırasında 7-ci yeri tutub. O, terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib.

    Siyahıda 8 və 9-cu yerlərdə isə qondarma rejimin sabiq “müdafiə naziri” Levon (Lyova) Mnatsakanyan və tanınmamış “DQR”in “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan dayanır. Onlar sentyabrın 29-da Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılmışdılar.

    Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının iştirakçılarından biridir.

    Siyahıda sonuncu, 10-cu yerdə isə Xocalı qatili, Meşəli kəndində 27 insanın ölümündə əli olan separatçı Vaqif Xaçatryanın adı var. O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılıb.

    Beləliklə də, hazırda Bakıda yerləşən istintaq təcridxanasında 10 separatçı saxlanılaraq cəzalarını gözləməkdədir. Lakin, bu, hələ son deyil. Azərbaycanlıların qatil Samvel Babayan, Xocalı cəlladı Vitali Balasanyan, eləcə də müharibə dövründə komandan olmuş Robert Koçaryan və Serj Sarkisyan barəsində də axtarış elan etmiş və onların Bakıya gətirilməsi istiqamətdə işləri davam etdirir.(Yenisabah.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR