AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Füzuli şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət daşıyırdı

  • + A
  • - A
  • 19-10-2023, 14:09

    Füzuli şəhərinin işğaldan azad olunması  strateji əhəmiyyət daşıyırdı

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    44-günlük Vətən müharibəsinin gedişində işğaldan azad edilən yaşayış məntəqələrinin sırasında strateji əhəmiyyətli Füzuli şəhəri və ətraf kəndlər də var idi. Əsası 1827-ci ildə qoyulan, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə təşkil edilən və Qaryagin adlandırılan rayon, 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır.
    Zəngin tarixə malik və ərazisi 1386 km² olan Füzuli rayonunun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir və bunun ağır nəticəsi olaraq 663 nəfər sakin qətlə yetirilmiş, 400 nəfərədək insan yaralanmış, 181 nəfər əsir və ya itkin düşmüşdür.
    5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi ilk qələbəmiz olaraq, qələcəkdə düşmən qüvvələrinin Azərbaycanın əzəli və əbədi torpaqlarından tamamilə qovulacağından xəbər verirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etmişdir. Ermənistanın təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsinin gedişində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
    Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
    Dövlət Başçısı cənab İlham Əliyevin sözlərinə görə, “Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güç verdi. Azərbaycan Silahlı qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək, xilaskarlıq missiyasını davam etdirdi.”
    Tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.
    Füzuli əməliyyatı 44 günlük Vətən müharibəsinin ən uğurlu və mükəmməl hərbi əməliyyatı kimi yaddaşlarda qalmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR