Antinarkotik tədbirlər çərçivəsində Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” adlı Masallı Dövlət Regional Kollecin tələbələri ilə maarifləndirici görüş keçirilib.
Azadmedia.az-ın cənub bürosu xəbər xəbər verir ki, Masallı Gənclər Evində baş tutan tədbirdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev və digər polis əməkdaşları, Rayon Gənclər, İdman idarəsinin rəisi Sabiq Cahangirov, Masallı Gənclər Evi, Azadmedia.az-ın cənub bürosu və başqa media nümayəndələri iştirak ediblər.
Belə ki, çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Həmçinin görüş iştirakçılarına narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı qətiyyətli tədbirlərlə bağlı məlumat verilib.
Diqqətə çatdırılıb ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə təkcə dövlətin və hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin və onun hər bir fərdinin qarşısında duran ən vacib məsələlərdəndir.
Bundan əlavə, tədbirdə erkən nikahların fəsadlarından, cəmiyyətə neqativ təsirlərindən söz açılıb.
Daha sonra digər aidiyyəti qurumların nümayəndələrinin çıxışları dinlənilib, müzakirə olunan mövzularla bağlı videoçarx izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.