Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan separatçıların təslim olmasına dair sənədi Ermənistanın baş naziri Nikol Paşinyanla məsləhətləşmə nəticəsində imzalayıb.
Bu barədə “Hraparak” nəşri bildirib.
Qəzet yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsinin olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır.
“Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatlar bildirir. Baş nazir həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək, hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə məlumatda qeyd edilib.
“Hraparak” onu da bildirib ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndidəki xunta başçılarına çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb.
“MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir əondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”, - xəbərdə deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.