Cümə axşamı Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumu keçirilib.
Tədbirdə 60-a yaxın ölkədən yüksək vəzifəli şəxslər və xarici özəl sektorun nümayəndələri də daxil olmaqla 2000-ə yaxın nümayəndə iştirak edib.
Forumun əvvəlində nümayiş etdirilən sənədli filmdə Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrindən söz açılıb. Gürcüstan və Türkiyə, eləcə də Qara dənizin dibi ilə keçəcək kabelin dünya ölkələri üçün əhəmiyyətindən söz açılıb.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi altında keçirilən forumun əsas məqsədi İpək Yolu təşəbbüsü, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etmək, beynəlxalq və regional ticarət əlaqələrini genişləndirməkdir.
Tədbir Avropa və Asiya ölkələri arasında ticarət, iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün ən yaxşı imkanlardan biri hesab olunur.
Beynəlxalq tədbirdə Azərbaycanın Baş Naziri Əli Əsədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edir. Tədbirdə Monteneqro və Ermənistan hökumət başçıları da iştirak ediblər.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İpək Yolunun son illərdə inkişafından, irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin inkişaf perspektivlərindən və gələcəkdə həyata keçirilməsi vacib olan mühüm tədbirlərdən danışıb,
Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında ölkəsinin regional nəqliyyat layihələrində iştirakda maraqlı olduğunu, bunun üçün lazımi addımların atıldığını bəyan edib, həmçinin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycanın Baş Naziri Əli Əsədov çıxışında Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrdən, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolundan, beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb.
Monteneqro hökumətinin başçısı ölkəsinin İpək Yoluna göstərdiyi diqqətdən, eləcə də irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən də danışıb.
Sonra forum öz işini panel iclaslarında davam etdirib.
İpək Yolu Forumunun Orta Dəhlizə həsr olunmuş panel müzakirəsi çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Orta Dəhliz Şimal dəhlizindən daha təhlükəsizdir.
İkinci paneldə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Dəniz Limanının çox əlverişli strateji mövqeyə malik olduğunu qeyd edib. Limanda ekoloji cəhətdən təmiz, yüksək texnologiyalı və sağlam şərait yaradılıb.
Forum işini oktyabrın 27-də davam etdirəcək.
Qeyd edək ki, Tbilisi Beynəlxalq İpək Yolu Forumu 2015-ci ildən başlayaraq iki ildən bir keçirilir.