Almaniyada Qatar Maşinistləri Həmkarlar İttifaqının (GDL) son tətili çərşənbə günü başlayıb, amma “Deutsche Bahn” cümə gününədək yeni təkliflər irəli sürməzsə, yeni tətilə hazırlıq barədə elan veriləcək.
Belə ki, bu barədə GDL-in rəhbəri Klaus Vezelski Almaniyanın ARD və ZDF telekanallarına müsahibəsində bildirib. O, yaxın həftələrdə yeni tətil dalğasının mümkünlüyünü istisna etməyib. Tətil başlayandan sonra Vezelski “uzlaşmaya hazır olduğunu” vurğulayıb, lakin əlavə edib ki, həmkarlar ittifaqı yaxın günlərdə “Deutsche Bahn”dan daha yaxşı təklif gözləyir. "Cümə gününə qədər heç nə baş verməsə, fasilə verəcəyik və daha sonra növbəti və daha böyük tətilə davam edəcəyik”, -deyə o xəbərdarlıq edib.
Həmkarlar ittifaqı işçilərin həddindən artıq işlədiyini və inflyasiya səbəbindən artan xərclərlə üzləşdiyini iddia edərək, 10 min üzvünün maaşı və iş şərtlərinin yaxşılaşdırılması üçün mübarizə aparır. Tələblər siyahısına əməkhaqqının tam ödənilməsi ilə növbəli işçilər üçün iş həftəsinin 38 saatdan 35 saata endirilməsi, inflyasiya ilə əlaqədar maaşların və ödənişlərin artırılması daxildir. Keçən ay “Deutsche Bahn” (DB) danışıqların bir hissəsi kimi maaşların 11 faiz artırılması, həmçinin 2850 avroya qədər “inflyasiya kompensasiyası bonusu” təklifi ilə çıxış edib. Operator həftə sonu əlavə edib ki, bu günə qədər mübahisədə dayanıqlı olan azaldılmış iş saatları tələbini həll etmək üçün təkmilləşdirilmiş təkliflər paketi təqdim edib.AzərTac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.