Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvüÖtən günlərdə, Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Nümayəndə heyəti bununla bağlı bəyanat verdi. Hətta, bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verildi. Beləliklə, AŞPA-nın ölkəmizlə bağlı qərəzli mövqeyi həmin təşkilatın insan hüquq və azadlıqlarının müdafiəçisi olmasının tamamilə yalan üzərində qurulduğunu yenidən təsdiqlədi. Eyni zamanda, Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlər ortaya çıxmaya başladı.
Bəli, onu demək yerinə düşərdi ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Orada qəbul edilmiş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş ölkəmizə qarşı qisas cəhdindən başqa bir şey deyil.
Belə ki, Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Qürurla deyə bilərik ki, bu problem artıq həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına ölkəmizin heç bir ehtiyacı yoxdur.
Yaxın günlərdə, Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. Hər kəsə məlum olduğu kimi, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı dayandırmasına vadar etdi. Nəzərə almaq lazımdır ki, 2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA-nın qərəzli mövqeyi bununla da bitmir, hələ digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr də qəbul edib.
Bütün bunlarla yanaşı, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Təəssüflər olsun ki, Borrel bu günlərdə Brüsseldə keçirilmiş mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirdi. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Borrel hətta ölkəmizlə Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Rəsmi Parisin mövqeyinə dəstəyini ifadə ettdi. Ancaq illərdir baş verən hadisələrə nəzər yetirsək, görürük ki, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Elə bundan öncə də, C.Borrel erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Həmçinin Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Aİ rəsmisi erməni separatçılarına açıq dəstək göstərmişdi.
Bütün bu baş verənlər, həmçinin qərəzli münasibət AŞPA-nın insanların taleyi ilə oynadığının, vətəndaşların hüquqlarını qəsdən pozmasının bariz nümunəsidir. Ölkəmiz müstəqil, demokratik və multikultural bir dövlətdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verib, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli uğurlar qazanıb. Bütün bu reallıqları görməməzlikdən gəlmək isə siyasi qərəzdən başqa bir şey deyil.
Müstəqil, demokratik Azərbaycan 30 illik işğaldan sonra ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi özü oldu. Azərbaycanın istəyi sadəcə və sadəcə sülhdür. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Əlbəttə ki, biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il 44 gün davam edən Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Qeyd olunan hadisə, BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.
Bütün bu baş verənləri nəzərə alsaq görürük ki, Avropanın səmərəsiz cəhdləri ancaq və ancaq öz ziyanlarınadır və onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir önəm kəsb etmir.!