AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Şurasının Parlament Assambleyası açıq-aşkar qərəzli ikili standartlar siyasətini həyata keçirir

  • + A
  • - A
  • 30-01-2024, 15:50

    Avropa Şurasının Parlament Assambleyası açıq-aşkar  qərəzli ikili standartlar siyasətini həyata keçirir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Parlament Assambleyası (AŞPA) Avropa Şurasının iki əsas nizamnamə orqanlarından biri olaraq, Avropa qitəsinin tarixində ilk parlament forumu olaraq təsis edilmişdir. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə bir təşkilat Avropa Şurasının təsis sənədində bəyan edilmiş məqsəd və məramları kobud şəkildə pozaraq, açıq-aşkar formada ikili standartlar siyasətini yürüdür.
    Otuz ilə yaxın bir müddətdə bu qurum erməni təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının fundamental hüquq və azadlıqlarının pozulması, irimiqyaslı formada beynəlxalq cinayətlər – soyqırım, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlərin baş verməsinə səssiz qalıb, heç bir tədbir görməyib, yalnız deklarativ xarakter daşıyan bəyanatlar verməklə öz fəaliyyətini bitmiş hesab edib. Lazımi təsiretmə vasitələrinə malik olan bu təşkilat Ermənistanın cinayətkar əməllərinə göz yumaraq, işğalçı dövlətə heç bir təzyiq göstərməyib. Bunun əksinə olaraq, işğaldan əziyyət çəkən, təcavüz qurbanı olan və beynəlxalq hüquqa uyğun olaraq suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycanla bağlı AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyətindən” ciddi narahatçılıq ifadə edib, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdir.
    2024-cü il 22 yanvar tarixində ölkəmizin nümayəndə heyətinin etimadnamələrini təsdiq etməyən AŞPAde-fakto Azərbaycan əleyhinə qərəzli bir tribunaya çevrilmişdir. Qeyd edilən qərəzli təşəbbüsü irəli sürərkən AŞPA guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbusların” olması ilə əlaqələndirsə də, əsas səbəbQarabağın azad olunması, ölkəmizin suverenliyinin tam bərpa edilməsi faktı ilə barışa bilməməsindən, Ermənistana açiq-aşkar dəstək göstərilməsindən irəli gəlir. Ancaq heç kəs unutmamalıdır ki, hər hansısa bir dövlətin yaxud dövlətlər qrupunun və ya beynəlxalq təşkilatın Azərbaycana təzyiq göstərmək cəhdləri iflasa uğrayacaq. Xalqımızın milli maraqlarının müdafiəsi sahəsində Azərbaycan sarsılmaz iradə nümayiş etdirir və hazırki dövrdə xarici siyasətin əsas prioritetləri sırasında Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması öz əhəmiyyətinə görə xüsusi yer tutur. Bunu nəzərə alaraq, bütün beynəlxalq təşkilatlar regionda yaranmış və burada yaşayan xalqların maraqlarına cavab verən yeni əməkdaşlıq formatının inkişafında maraqlı olmalı və ona dəstək verməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR