Bu gün Xalq artisti Ələsgər Ələkbərovun anım günüdür. Teatr və kino aktyorunun vəfatından 61 il ötür.
Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb.
1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb.
Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib.
Bir neçə il Tbilisi Azərbaycan Teatrında çalışıb, 1933-cü ildən isə Akademik Dram Teatrında çalışıb. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və başqa rollar oynayıb.
Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") Ələkbərovun yaradıcılığının zirvəsi hesab olunur. Aktyor bir sıra filmlərdə də rol alıb.
Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda "Böyük dayaq", "Fətəli xan" və "Ögey ana" kimi ekran işlərində yaddaqalan obrazlar yaradıb.
"Lətif", "Almaz", "Kəndlilər", "[[Leyli və Məcnun (film, 1575 |Leyli və Məcnun]]", "Uzaq sahillərdə" filmlərində çəkilib.
1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
Ələsgər Ələkbərov 1963-cü ilin bu günü, yəni yanvarın 31-də vəfat edib. Aktyor Fəxri xiyabanda dəfn olunub.