AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gözdən Əlillər Cəmiyyətinin sədri: "Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb"

  • + A
  • - A
  • 7-02-2024, 14:55

    Gözdən Əlillər Cəmiyyətinin sədri: "Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb"

    Zaman günləri, həftələri, ayları, illəri qova-qova aparır və biz bəxtimizə düşən zaman kəsiyi içərisində müxtəlif hadisələrin şahidi oluruq. Əlbəttə ki, həmin hadisələrin içərisində xoş olanı, yadda qalanı, xatırlananı da var, xoş olmayanı da. Son illər bəxtimizə düşən zamanın içərisində elə xoş və unudulmaz hadisələr olub ki, onların işığı bütün ömrü işıqlandırmağa bəs edər.

    Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bu sözləri paytaxtdakı 19 saylı Nərimanov seçki dairəsinin 36-cı məntəqəsində növbədənkənar prezident seçkilərində səs verərkən Azərtac-a deyib.

    Son illər baş verən belə xoş hadisələrdən biri şübhəsiz ki, 2020-ci ilin 4, 17, 20, 25 oktyabrı və ən nəhayət 8 noyabrdır, - deyə cəmiyyətin sədri fikrini davam etdirib: “Həmin günlərdə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın erməni hərbi birləşmələrindən azad edilməsini bütün varlığımdan keçən bir sevinc hissi ilə yaşamışam. Buraya həmin il noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də Laçının müharibəsiz və bir güllə atılmadan boşaldılmasını da əlavə etsəm, qəlbində yurd sevgisi, vətən yanğısı olan hər kəs məni yaxşı başa düşər. Ötən il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Qarabağdan separatçı qüvvələrin təmizlənməsi də son illər yaşadığım ən unudulmaz və xoş hadisələrdən olub. Həmin günlərin hər biri Azərbaycan tarixində çox mühüm və əlamətdar hadisədir.

    Bu mənada bu gün keçirilən və ölkəmizin gələcək həyatında taleyüklü hadisə olan prezident seçkilərini də heç də az əhəmiyyətli məsələ hesab etmirəm. Bu gün xalqımız müstəqillik tarixində ilk dəfədir ki, bütün ölkə miqyasında və bütün ərazisində bu mühüm siyasi kampaniyada iştirak edir. Budəfəki seçkinin ən böyük və önəmli faktoru elə budur. Xalqımız bütün ölkə miqyasında öz sabahına və gələcəyinə səs verir. Mən də öz konstitusion hüququmdan istifadə edərək məntəqəyə gəlmişəm. Burada görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb”.

    S. Abdullaevin verdiyi məlumata görə, ölkə üzrə 50 minə yaxın gözdən əlil şəxs var. 2003-cü ildən etibarən postsovet məkanında ilkin olaraq Azərbaycanda gözdən əlillər digər şəxslərlə yanaşı xüsusi trafaretlərlə gizli səs verə bilirlər. Bu il Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən görmə məhdudiyyəti olanlar üçün Brayl trafaretləri çap olunub. Həmin trafaretlər Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki dairələri üzrə paylanılıb. Görmə məhdudiyyəti olanlar paytaxtın Nərimanov rayonu ərazisində daha sıx məskunlaşdırqlarına görə 19 saylı Nərimanov seçki dairəsinin 36 və 37 saylı məntəqələrdə onların rahat səs vermələri üçün hər cür şərait yaradılıb. Hər iki məntəqə veb-kameralarla təmin edilib.

    “Səsvermə demokratik və şəffaf şəraitdə keçirilir. Hər kəs də layiqli hesab etdiyi namizədə səsə verir. Ümid etməyə dəyər ki, bugünkü seçkilər və onun ədalətli nəticəsi xalqımızın gələcək inkişafında çox böyük rol oynayacaq”, - deyə sədr fikrini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR