Prezident İlham Əliyev ötən günlərdə sabiq ədliyyə naziri Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Təyinat məsələsi Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.
Modern.az-ın məlumatına görə, keçmiş nazirin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənməsi gözlənilir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır. Hazırda isə Konstitusiya Məhkəməsinin 8 hakimi fəaliyyət göstərir. Belə ki, Konstitusiya Məhkəməsinin hakimlərindən biri - Əməkdar hüquqşünas Mahir Muradov 2023-cü il yanvarın 5-də 66 yaşında vəfat edib. O, 2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.
Hazırda Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin sədridir. Məhkəmənin digər üzvləri aşağıdakılardır
Sona Salmanova (sədr müavini);
Humay Əfəndiyeva (hakim);
Rövşən İsmayılov (hakim);
Ceyhun Qaracayev (hakim);
Rafael Qvaladze (hakim);
İsa Nəcəfov (hakim);
Kamran Şəfiyev (hakim).Bəs hakim təyin edilməsi ilə bağlı prosedur necədir?
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz.
Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Konstitusiya Məhkəməsi hakimlərinin tərkibindən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq təyin edilirlər. Qeyd edək ki, hazırda sədr və müavini Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təyin edilir. Fərhad Məmmədov 2013-cü ildə sədr təyin olunub.
Digər maraqlı məlumat isə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70 yaş olmasıdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək icra etməyə davam edir.
Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Sədr müavini bu məbləğib 90 faizini, digər üzvlər 85%-ni alır.
Qeyd edək ki, Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdr. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyinat almışdı.
2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inaqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib.