Prof. İbrahim Cəfərov -
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü
Bakı, 25 Fevral — Azadmedia.az
Xalqımızın qan yaddaşı “Xocalı faciəsi!”
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.
Ulu Öndərin fikirləri ilə desək, “Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Məhz XX Əsr bəşər tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sözsüz ki, biz bunu 44 günlük Vətən müharibəsində də sübuta yetirdik.
Bəli, 44 günlük Vətən müharibəsinin gedişatında da işğalçı Ermənistan ordusu öz vəhşiliyini, barbarlığını bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhalimizə qarşı yenidən amansızlıq nümayiş etdirdi. Belə ki, Gəncəni, Bərdəni, Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik raketlərlə, kasetli bombalarla hədəf alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək onların daim həyata keçirdiyi dövlət siyasətidir.
Ancaq Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə dünya tarixində yeni reallıq yaratdı.
İllərdir 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması ümidi ilə yaşayırdılar.
Əlbəttə ki, heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və “Xocalı faciəsi” qurbanlarının da qisası alındı...
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qəhrəman Ordumuz Dəmir yumruq əməliyyatı adı altında qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənfi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bu gün, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Həmçinin, “Justice for Khojaly” informasiya portalı da Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.
Qeyd edim ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün əsasların mövcud olduğu müəyyən edilmişdir. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi də 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Allah Xocalı faciəsi şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.