Avropa İttifaqına üzv 27 dövlətin, həmçinin Norveç və İsveçrənin təqdim etdiyi hesabata görə, 2023-cü ildə bu ölkələrə beynəlxalq müdafiə üçün 1,14 milyon insan müraciət edib ki, bu da son yeddi ilin ən yüksək göstəricisidir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının sığınacaq agentliyinin məlumatına görə, müraciətlərin sayı 2022-ci illə müqayisədə 18 faiz artıb və 2015-2016-cı illərdəki böhrana yaxın səviyyəyə çatıb.
Hesabatda müraciətlərin ən çox suriyalılar tərəfindən edildiyi bildirilir. Onların sayı 2022-ci illə müqayisədə 38 faiz artıb. Siyahıda ikinci yerdə əfqanıstanlılar qərarlaşıb.
Məlumatda, həmçinin 2023-cü ildə Avropa İttifaqına sığınmaq istəyən fələstinlilərin sayının öncəki illə müqayisədə təxminən 65 faiz artaraq 11 min 600 nəfərə çatdığı qeyd olunur. 334 min müvafiq müraciətin qeydə alındığı Almaniya Avropa İttifaqı üzvləri arasında sığınacaq axtaranların ən çox müraciət etdiyi ölkə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.