AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

O, hər zaman bizimlə eyni avtobusda olub...

  • + A
  • - A
  • 29-02-2024, 09:49

    O, hər zaman bizimlə eyni avtobusda olub...

    Məlum olduğu kimi, fevralın 26-da Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra sakinlərlə birlikdə eyni avtobusda Xankəndiyə yola düşüb. Prezidentin Xankəndiyə sadə vətəndaşlarla eyni avtobusda səfər etməsinə bəzi media orqanları məxsusi olaraq diqqət çəkib, məlum informasiyanı manşetlərə daşıyıb.

    Əlbəttə, Prezidentin Xankəndiyə vətəndaşlarla eyni avtobusda səfər etməsi dövlət başçısının sadəliyinin, təvazökarlığının, xalqa yaxınlığının göstəricisi kimi təqdirəlayiqdir və məmnunluq doğurur. Lakin İlham Əliyevin 20 illik Prezidentlik dönəminin təhlili göstərir ki, əslində dövlət başçısı hər zaman xalqla birlikdə olub, xalqın hər bir arzu və istəyindən, qayğı və gözləntisindən xəbərdar olub, xalqın səsinin, iradəsinin inikası kimi çıxış edib.

    Prezidentin hələ Vətən müharibəsindən öncə bayram günlərini məcburi köçkünlər, həssas kateqoriyadan olan digər vətəndaşlarla birlikdə keçirməsi, hər bir sevincini sadə vətəndaşlarla bölüşməsi, onlara verdiyi hər bir sözü vaxtı-vədəsində yerinə yetirməsi onun xalqdan biri olmasının göstəricisidir. Prezidentin 2023-cü ilin dekabrın 21-də Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasındakı oyuunu şəhid övladları ilə birlikdə, onların əhatəsində izləməsi, işğaldan azad edilən hər bir yaşayış bölgəsində sadə vətəndaşlarla birlikdə onlarla ağac əkməsi, hər bir şəhid ailəsi, hər bir müharibə əlili ilə bağlı vəziyyəti şəxsi nəzarətə götürməsi İlham Əliyevin mənəvi nəhəngliyindən, ali insani xüsusiyyətlərindən xəbər verir.

    Bu da bir faktdır ki, İlham Əliyev siyasi-diplomatik döyüş meydanında mübarizə apardığı, Ermənistanın çoxsaylı xarici havadarlarının təzyiqlərini qətiyyətlə dəf etdiyi zamanlarda belə düşüncə və ruh etibarı ilə xalqın yanında olmuş, onun qəlbinin dərinliyindəki hiss və həyəcandan, istək və arzudan, dinclik və təbəddülatlardan xəbərdar olmuşdur.

    Bunu Prezidentin 26 fevral 2024-cü il tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı da aydın şəkildə göstərir. Qeyd edək ki, dövlət başçısı həmin çıxışında bildirmişdir ki, Vətən müharibəsindəki qalibiyyət hər kəs kimi xocalıların da böyük sevincə səbəb olsa da, onlar Xocalı və onun aqibəti haqqında narahatlıqla düşünür, “Xocalının taleyi necə olacaq” sualına cavab tapmağa çalışırdı. Hansı ki, məhz 2023-cü ilin sentyabr ayında gerçəkləşən lokal antiterror tədbirləri nəticəsində Xocalı ilə yanaşı, Xankəndi, Əsgəran və digər yaşayış məntəqələrində Azərbaycanın de-fakto nəzarəti təmin edilmiş, separatizmə son qoyulmuşdur. Prezident deyir:

    “Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. (//azertag.az/xeber/prezident_ilham_eliyev_xocalida_soyqirimi_memorialinin_temelini_qoyub_ve_rayon_ictimaiyyetinin_numayendeleri_ile_gorusub____yenilenib___4_video-2933797 ).
    Bu açıqlama Prezidentin xalqın qəlbinə nə qədər yaxın olduğunu, o qəlbin hər bir çırpıntısını bütün qəlbi ilə duyduğunu göstərir.

    Bütün bu faktlar onu söyləməyə əsas verir ki, əslində Prezident İlham Əliyev yalnız 2024-cü ilin 26 fevral tarixində deyil, 20 illik Prezidentlik dönəminin hər bir anında sadə vətəndaşlarla eyni avtobusda olub. O, bu gün də öz xalqının yanında yer almaqda, onunla eyni taleyi, eyni mübarizəni paylaşmaqdadır. Və bu günə qədər yaşananalar onu deməyə əsas verir ki, biz bundan sonra da onu özümüzlə eyni avtobusda, eyni yolda və səfdə görəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR