AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…

  • + A
  • - A
  • 2-03-2024, 09:02

    Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…


    SSRİ-nin çöküşü ərəfəsində ilk dəfə o, bütün dünyaya milyonçu olduğunu açıqladı. 1989-cu ildə azərbaycanlı Cənnət Əliyev SSRİ-nin ilk rəsmi milyonçusu elan edildi.

    Sərvətindən əlavə həyat tərzi, düşüncələri ilə də diqqət çəkən Cənnət Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunda anadan olub. Atasını hələ uşaqkən, doqquz yaşında itirən milyonçu Məhəmməd Füzuli adına Ordubad İnternat Məktəbində böyüyüb.

    Milyonçu olandan sonra uşaqlıq xatirələrini danışan Cənnət Əliyev demişdi: “Mənim orada ən böyük arzum doyunca yemək olub. Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm”.

    Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Cənnət Əliyev daha sonra Xalq Təsərrüfatı İnstitutunu və Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini də bitirir.

    1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovsk və digər əyalətlərdə polis orqanlarında işləsə də, haqsızlığa qarşı çıxdığı üçün işdən azad olunur.

    Cənnət Əliyevin ilk ticarəti isə Naxçıvandan Bakıya bitki otları gətirməklə başlayır. Əlavə olaraq, asfalt zavodlarına lazımlı materialları da Rusiya və Ukraynadan gətirir.

    Nəhayət, 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda “Təbriz” kooperativini qurur və məşhurlaşır.

    O özünün necə milyonçu olmağı ilə bağlı qəribə söhbətlər də danışırdı.

    1986-cı ildə Sverdlovska qayıtdığını deyən Cənnət Əliyev şəhərin dilənçilərinə qoşularaq, dilənçilik etdiyini demişdi. Üstəlik, bir neçə ay vağzallarda gecələyir. Biznesin nə olduğu bilinməyən dövrlərdə ixtisasca iqtisadçı olan Cənnət Əliyev “Təbriz” adlı kooperativ qurmaqla, qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə milyonçuya çevrilir.

    Əslində, Cənnət Əliyevin bu vəziyyəti SSRİ ideologiyasına da tamamilə zidd idi ki, bu da hay-küyə səbəb olmuşdu. Kommunizm ideologiyasında kiminsə milyonçu olması həm də elə bu ideologiyanın çöküşü demək idi.

    Necə olurdu ki, vağzalda dilənən, yatan bir adam bir anın içində milyonların sahibi olsun?

    Baxmayaraq ki, milyonçu idi, Cənnət Əliyevin həyatı heç də gözəl keçmirdi. O, 20 Yanvar faciəsində gülləbarana düşür və bu hadisəyə görə növbəti psixoloji zədələr alır.

    Sərvətindən əlavə fikirləri ilə də diqqət çəkən Cənnət Əliyev bir neçə dəfə dinini dəyişir. Əvvəlcə xristianlığı qəbul edir, sonra da krişnalığa sitayiş etməyə başlayır.

    “Başımı qırxdırıb monax oldum. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi (Bakıda yerləşirdi - red.) onlara ibadətgah verdim, 3 avtomobilimi bağışladım”, - deyən Cənnət Əliyevi həmin dövrlərdə dəli də hesab edirdilər.

    Cənnət Əliyev sonradan islama qayıdır, “son qalasını” – yaşadığı evi sataraq, 12 metrlik “Zülfüqar” qılıncını hazırladır, Azərbaycan Ordusuna bağışlayır.

    Sonralar isə paranormal hadisələri araşdırmağa başlayır. Hətta 2001-ci ildə parapsixoloq diplomu da alır. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşür və özü də 2005-ci ildə Sverdlovskda UNO ilə rastlaşdığını elan edir.

    Bir çox cəhətləri ilə fərqlənməyi bacaran Cənnət Əliyev eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərib. 1989-cu ildə “Təbriz” musiqi qrupunu yaradır. Cənnət Əliyevin bütövlük sevdalısı idi, Cənubla Şimalın birləşməsi arzusuydu.

    12 mahnıdan ibarət “Tənha yolçu” albomu 1997-ci ildə işıq üzü görmüşdü.

    Xeyriyyəçiliklə də tanınan Cənnət Əliyev bir müddət öz mənəvi rahatlığını vəhşi heyvanlar saxlamaqda, kəndir üzərində gəzməkdə də axtarıb.

    İki dəfə evli olan Cənnət Əliyev birinci həyat yoldaşının vəfatından sonra erməni qızı ilə evlənmişdi. Amma ermənilərin Qarabağa iddiası başlayan kimi erməni qızını boşamışdı.

    Cənnət Əliyev məşəqqətli milyonçu həyatında həbsxanaya da salınır, müflisləşəndən sonra dəlixanada da müalicə olunur. Onun sayəsində məşhurlaşan müğənni Vüqar Yusubov demişdi:

    “Cənnət Əliyev yastığın içinə yüz dollarları doldurub yatırmış. O qədər pis vəziyyətə düşür ki, pulu heç kimə etibar etmirmiş. Sonradan Binə qəsəbəsində balaca bir həyət evində yaşayırdı. Vaxtilə pulu başından aşan adamın siqaretini də dost-tanış alırdı”.

    Cənnət Əliyev müflisləşməsini mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub.

    Yüksək təzyiq ilə ağciyər damarı partlayan Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə Bakıda vəfat edib.(Axar)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR