Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşıAzərbaycan qadını öz zəkası, cəsarəti, yüksək analıq keyfiyyəti ilə dünyaya nümunə olub. Bəşəri və milli dəyərlərin təcəssümü olan qadınlarımız xalqımızın taleyüklü məsələlərinin həllində hər zaman fəal rol oynayıblar. Adlarını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, ölkənin mədəni, siyasi, hərbi məsələlərdə də öz sözlərini deyiblər. İstər Xalq Cümhuriyyəti dövründə, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində qadınlarımız dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışıblar. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Ölkəmizdə həyata keçirilən gender siyasətinin nəticəsində qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlar yaradılıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra qadınların ictimai-siyasi həyata transformasiyasına, onların dövlət idarəçiliyində təmsilçiliyinə xüsusi fikir verdi. Heydər Əliyevin Azərbaycan qadını haqqında fikirləri bu gün üçün də aktualdır: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
8 Mart Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir.
1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayan qadın hərəkatının davamı olaraq, 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martı Qadınlar günü kimi bəşəriyyətə qəbul etdirdi. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz qadınlarımızın müdrikliyi sayəsində bu gün də yaşayır. Dünyanın bir çox ölkələrinin qadınlarından daha öncə seçki hüququ əldə etməsi Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycan qadınının cəmiyyətdə nüfuzu daha da artıb. Ölkəmizdə qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması buna misaldır. Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın xalqın rifahı naminə gördüyü işlər, atdığı addımlar, ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının nə qədər fəal olduğunu göstərir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər kəsə nümunədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın dünyaya tanıdılması, ölkə daxilində abadlıq işlərinin aparılması, mədəni tədbirlərin keçirilməsi istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir.
Azərbaycan qadınları taleyüklü anlarında öz vəzifələrinin öhdəsindən daim layiqincə gəliblər. Onlar vətəni ana qədər əziz və müqəddəs bilən vətənpərvər övladlar yetişdirirlər.
Milli Azdlıq Hərəkatının əsas hərəkətverici qüvvələrindən olan, birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə qalxan qadınlarımız 44 günlük Vətən Müharibəsində də öz sözlərini dedilər, adlarını tarixə yazdılar. 20 Yanvar faciəsinin qurbanlarından olan Fərizə Nəbiyeva, birinci Qarabağ müharibəsinin şəhdiləri Salatın Əsgərova, Gültəkin Əəsgərova, Qaratel Hacımahmudova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova, İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Kərim qızı Baxışovanın adlarını xalqımız daim uca tutub, onlarla fəxr etmişik.
Azərbaycan xalqı tarixin bütün dönəmlərində qadına, qız övladlarına böyük dəyər verib. Qadınlara münasibətdə tutduğumuz mövqe xalqımızın ali dəyərlərə hörmətinin gözəl nümunəsi kimi dünyaya təqdim olunur!