Qəzza zolağında müharibə 6-cı ayına qədəm qoyub, ancaq hələ də uzunmüddətli atəşkəs üfüqdə görünmür.
Modern.az-ın məlumatına görə, Ramazan ərəfəsində İsrail və HƏMAS arasında atəşkəs elan ediləcəyi barədə danışıqlar aparılsa da, görünür, nəticəsiz qalıb.
Qəzza zolağında 31 min, İsrail tərəfində 1200 insanın ölümünə səbəb olan müharibə bütün dünyada artan həyəcana səbəb olub.
ABŞ prezidenti Co Bayden bazar günü ölkə daxilində və xaricdəki müsəlmanlara Ramazan mesajında Qəzzaya humanitar yardım, atəşkəs və bölgədə uzunmüddətli sabitlik üçün təkan verməyə davam edəcəyini bildirib.
"Önümüzdəki günlərdə və həftələrdə dünyanın hər yerində müsəlmanlar iftar etmək üçün toplaşdıqca, Fələstin xalqının iztirabları çoxlarının diqqət mərkəzində olacaq. Bu, mənim üçün ön plandadır", - deyə Bayden qeyd edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spoljariç bazar günü Qətərə səfəri zamanı HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə ilə humanitar vəziyyəti müzakirə edib. BQXK bildirib ki, o, təşkilatın bütün tərəflərlə birbaşa danışıqlar aparmaq səyləri çərçivəsində Qətər rəsmiləri ilə də görüşüb.
Ümidsiz atəşkəs danışıqları
Bir müddət əvvəl Qahirədə Ramazanın dinc şəkildə keçməsinə imkan verəcək və Qəzzada saxlanılan 134 israilli girovdan ən azı bir qisminin geri qaytarılmasına imkan verəcək atəşkəs danışıqları aparılırdı. Ancaq, görünür, danışıqlar nəticəsiz qalıb və döyüşlər davam edəcək.
“The Times of Israel” qəzetinin mənbələrinə görə, İsrail hökuməti sonuncu dəfə Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib. Təl-Əvivin qərarı HƏMAS-ın hələ də İsrailə yaşayan girovların siyahılarını təqdim etməməsi ilə bağlıdır. Digər bir mənbə isə qeyd edir ki, HƏMAS sağ olan girovların adlarının tam siyahısınə verməyib.
Danışıqların növbəti mərhələsinin nə vaxt baş tutacağı bilinmir.
Humanitar fəlakət
BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi UNRWA bildirib ki, Qəzzanın infrastrukturunun 60%-dən çoxu dağıdılıb və ya zədələnib, 2,3 milyonluq əhalinin 90%-dən çoxu didərgin düşüb.
Təşkilatın rəhbəri Filip Lazarini "X"də yazıb ki, Ramazan ayında ən çox əziyyət çəkənlər üçün atəşkəs elan edilməlidir. "Rəfahdə hərbi əməliyyat təhdidləri arasında qorxu + narahatlıq hökm sürür”, - o qeyd edib.