Masallı, 11 Mart — Azadmedia.az
Novruz şənliklərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir
Yurdumuza bahar gəlir – həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız həmişə olduğu kimi milli adət ənənələrimizə uyğun olaraq baharın gəlişini – Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılamağa hazırlaşır. Çünki Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini özündə yaşadan ümumxalq bayramıdır. Bu bayram gur tonqalları, gözoxşayan noğullu-nabatlı, dadlı şirniyyatlı və yanar şamlı xonçaları, yamyaşıl səmənisi, mübarək niyyətləri, diləkləri ilə sevilir və iqtisadiyyatı gündən-günə qüdrətlənən müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndlərində əhali Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır, bir-birindən rəngarəng bayram tədbirləri keçirirlər.
Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki novruz şənlikləri ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Ötən illərin yanğın statistikasının təhlili göstərir ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir, nəticədə vətəndaşlarımıza maddi və mənəvi ziyan dəyir. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.
Birinci növbədə qeyd edilməlidir ki, Novruz bayramında əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.
Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.
Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticisində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrdə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin yandırılması qəti qadağandır. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əylənən və şənliklərində azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdır.
Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yerlərə yapışdırmaq olmaz.
Bayram şənlikləri zamanı müəssisə və təşkilatlar, təhsil ocaqları, xüsusən də uşaq evləri və internat məktəblərindəyanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər. Milli bayramımızı- Novruzu acı sonluqla başa vurmamaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət yanğın nəzarəti idarəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.