Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstan rəhbərliyinin səfərinə böyük əhəmiyyət verilir. Münasibətlərimizin inkişaf templəri qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Təkcə son dövr ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.
Xüsusi olaraq vurğulanmalıdır ki, Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və güclənməsinə xidmət edir.
İkitərəfli münasibətlərimiz möhkəm hüquqi bazaya əsaslanır. Belə ki, Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi qeyd edilməlidir.
Azərbaycan və Qazaxıstan böyük iqtisadi potensiala malikdirlər və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verirlər. Bu sırada TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir.
Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Bu rəqəmlər əyani sürətdə təsdiq edir ki, qarşılıqlı əlaqələr yüksək dimanika ilə inkişaf edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.