Qardaş Köməyi Platforması və Kahramanmaraşın Türkoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə Türkoğlu bölgəsində qurulmuş 453 ev tipli konteynerdən ibarət Qardaş Köməyi Məhəlləsində 39 küçəyə işğaldan azad olunmuş şəhərlərimizin və şəhidlərimizin adı verilib.
Bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli öz "X" hesabında yazıb.
"Əməyi keçən hər kəsdən Allah razı olsun! 6 Fevralda əsrin fəlakəti adlanan zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Rəbbim bir daha pis gün yaşatmasın",-R.Cabirli yazıb.
Qeyd edək ki, ötən il Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələnin baş verməsindən sonra Azərbaycana bölgəyə yardımlar edib. Eyni zamanda Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı Qardaşlıq (Yardım) Platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi yaradılıb.
Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilib və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanın ən çox itki verdiyi şəhərlərin və şəhidlərin adı verilib.
Küçələrdə Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adları yaşadılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.