AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəsillərin heç vaxt unutmayacağı qan yaddaşımız – 31 Mart Soyqırımı

  • + A
  • - A
  • 30-03-2024, 14:18

    Nəsillərin heç vaxt unutmayacağı qan yaddaşımız – 31 Mart Soyqırımı

    Hər bir xalqın tarixində silinməz izləri olan, heç vaxt unudulmayacaq hadisələr olur. Millətlər gələcək inkişaflarını müəyyən edərəkən məhz həmin hadisələrə onun nəticələrinə istinad edirlər. Azərbaycan xalqının da heç vaxt yaddan çıxarmayacağı, daim öyrənəcəyi və dünyaya bəyan edəcəyi belə milli faciələri vardır. Onlardan biri də 1918-ci ilin Mart soyqırımıdır. Dinc əhalini kütləvi və amansız şəkildə qətlə yetirilməsi ilə müşayiət edilən erməni vəhşiliyinin bariz nümunələrindən olan Mart soyqırımından 106 il keçir. 1918-ci il 31 mart gecəsi Bakıda erməni daşnakları tərəfindən 20 minə yaxın dinc azərbaycanlı milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. Səbəb onların azərbaycanlı və müsəlman olması idi. Erməni bolişevik Stepan Şaumyanın rəhbərliyi altında erməni quldur dəstələri təkcə insanları qətlə yetirmirdilər, həm də bir çox dini və mədəni abidələrimizi yerlə-yeksan etmişdilər.

    Hədəf bütövlükdə bir xalqı tam olaraq soyqırımı etmək, qədim mədəniyyətini, tarixini Yer üzündən silmək və özgə ərazisində yeni dövlət qurmaq idi. Ermənilər öz çirkin əməllərini 31 martdan sonra da davam etdirdilər. Onlar Azərbaycanın müxtəlif yerlərində kütləvi qırğınlar həyata keçirdilər, şəhərlərimizi, yaşayış yerlərimizi viran qoydular. Martın 31-də Şamaxı qəzasında, eləcə də Qubanın kəndlərində də minlərlə günahsız azərbaycanlı qanlarına qəltan edildilər. Daşnaklar Lənkəranda, Muğanda və Dağlıq Qarabağda da on minlərlə insanı vəhşicəsinə qətlə yetirdilər, kəndlərimizi yandırdılar. 1918-ci ilin yayında Şərurda və Naxçıvanda, Zəngəzurda minlərlə azərbaycanlı, 50 mindən çox soydaşımız evlərindən didərgin düşməsi də soyqırımı prosesinin davamı idi.

    2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Azərbaycan dövləti kütləvi məzarlığın tapıldığı ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa etdirdi. Bu gün həmin Memorial Kompleks azərbaycanlıların, ölkəmizə gələn xaricilərin ziyarət yerinə çevrilib.

    Məqsəd Rusiya çar imperiyasının süqutundan istifadə edərək müsəlmanları yox etməklə Azərbaycan torpaqları üzərində erməni dövləti qurmaq idi.

    1919-cu ildə AXC parlamenti 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi. Təəssüf ki, cümhuriyyətimizin ömrü uzun olmadı. Azərbaycanı işğal edən sovet Rusiyası hər vəchlə bu faciəni xalqımızın yaddaşından silməyə çalışırdı. Təəssüf ki, bu işdə onlara sapı özümüzdən olan baltalar da kömək edirdilər. Azərbaycanlı bolişeviklər daşnakların əməllərinə qiymət vermək əvəzinə, baş verənləri “sosializmin yayılması naminə təmizləmə” kimi qələmə verməyə çalışdılar. Amma xalqımız öz keçmişini unutmadı, dəhşətli hadisəni yeni nəsillərə bəyan etdik, dünyaya yaydıq.

    70 ildən sonra 31 Mart soyqırımı gündəmə gətirildi və ətraflı öyrənildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlməklə azadlığımızı, müstəqilliyimizi qorumaqla, xoş, tarixi əlamətdar günlərimizi bizə qaytarmaqla yanaşı, xalq olaraq faciə yaşadığımız, zərbə aldığımız günlərin də unudulmaması üçün tarixi addım atdı.

    Ulu Öndərin 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra martın 31-ni hər il xalqımız hüzn günü kimi qeyd edir, soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla anır, faciənin acısını unutmur.

    30 mart 2003-cü ildə Ulu Öndər çıxışında qeyd etmişdir.

    “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

    Təəssüf ki, ermənilər öz cinayətkar əməllərini sonrakı illərdə də Azərbaycana qarşı davam etdirdilər. Xalqımızın əziz övladı Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından istifadə edən nankor qonşularımız yüz mindən çox azərbaycanlını ata-baba yurdlarından didərgin saldılar. Onlar tarixi torpaqlarımızda ikinci erməni dövləti qurmaq üçün hərəkətə keçdilər. Qarabağı, ətraf rayonları işğal etdilər. Xocalı qətliamını həyata keçirdilər. Şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi xarabazara çevirdilər, dini-mədəni abidələrimizi dağıtdılar, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının izini itirməyə çalışdılar.

    Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi altında Ordumuz 44 gün ərzində Ermənistan dövlətini döyüş meydanında məğlub edərək düşməni məhv etdi və bununla da tarixi qisasımızı onlardan aldıq. Biz tarixi qələbəmizlə təkcə ərazimizi bərpa etmədik, həm də erməni faşizmini tarixin arxivinə gömdük. Yəqin ki, bu gün erməni cinayətlərinin qurbanı olan türk övladlarının ruhları şaddır.

    Mətanət Səfərli
    YAP Nəsimi Rayon təşkilatının əməkdaşı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR