İsveç Hökuməti rekord müddət ərzində ölkədə uşaqlar və yeniyetmələr üçün xüsusi həbsxanalar yaratmaq niyyətindədir.
Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli İslah Müəssisələri Xidməti tamamilə yeni məhkumlar qrupunu müəssisələrə qəbul etməli olacaq, onların bir hissəsi icbari qaydada məktəb təhsilinə cəlb ediləcək. Uşaq və yeniyetmə həbsxanalarının yaradılması əvvəlcə 2028-ci ilin yayınadək planlaşdırılsa da, hökumət 2026-cı il iyulun 1-də sözügedən xidmətin 15-17 yaşlı məhkumları qəbulunu tələb edib.
“Ən böyük problemlərdən biri binalarla bağlıdır. Heç bir yerdə boş sahəmiz və ərazimiz yoxdur”, - deyə əməliyyat idarəsinin rəhbəri Emma Ekstrand qeyd edib.
Hələ ötən ilin avqust ayında müstəntiqlər 15-17 yaşlı yeniyetmələrin yetkinlik yaşına çatmayanlar üçün qapalı internat əvəzinə həbsxanaya göndərilməsini təklif ediblər. Belə bir təşəbbüsün irəli sürülməsinin əsas səbəbi bu gün gənclərin daha ciddi cinayətlər törətməsi və mövcud sistemin cinayətkarlara qayğı göstərə bilməməsi ilə əlaqədardır. Təklif riksdaqda səsverməyə çıxarılmasa da, artıq İslah Xidmətinə bunun üçün yer tapmaq tapşırığı verilib.
250 yerlik obyektin tikintisi planlaşdırılır. Xidmət işçilərinin qarşısında tamamilə yeni vəzifələr qoyulub. Onlar həbsdə olan və şərti cəza çəkən 15-17 yaşlı gənc cinayətkarlarla məşğul olsalar da, həbsxanalarda bu yaş qrupu ilə bağlı heç bir əməli təcrübə mövcud deyil. Bəzi yeniyetmələr icbari qaydada məktəb təhsili almalı olacaqlar, üstəlik, bu yaş qrupu üçün müəllimlərin işə götürülməsi, kitabxanaların və sağlamlıq ocaqlarının da təmin edilməsi zəruridir.
“Məktəb necə fəaliyyət göstərməlidir? Gündəlik iş rejimi necə olacaq? Biz bu işi yeni yerlərin qurulması və abadlaşdırılması ilə paralel şəkildə aparmalıyıq. Hər şeyi 2026-cı il iyulun 1-nə qədər hazırlamaq çox çətin olacaq, amma biz bunu edəcəyik. Əvvəllər belə bir problemi həll etmək məcburiyyətimiz olmayıb. Onlar həbs cəzasına məhkum edilsələr də, hüquqları olan və təhlükəsizlik səbəbindən bizim onların bu hüquqlarını məhdudlaşdırmalı ola biləcəyimiz uşaqlardır”, - deyə Emma Ekstrand açıqlayıb.
Eyni zamanda, hakimiyyət orqanları digər qurumların genişləndirilməsi prosesini davam etdirir. Həbs yerlərində yetkin cinayətkarlar üçün yerlərin sayı 2033-cü ilə qədər 9 mindən 27 minədək artırılmalıdır ki, bu da imkanların çatışmamasına səbəb ola bilər.
İslah Müəssisələri Xidmətinin Həmkarlar İttifaqının sədri Yoahim Danielsson idarənin ayrılmış vaxtda işi yekunlaşdıra biləcəyinə şübhə etdiyini deyib. Onun sözlərinə görə, Xidmətin iki il ərzində keyfiyyətli iş görə biləcəyini düşünmək ağlabatan deyil.
Ədliyyə naziri Qunnar Strömmer tənqidləri nəzərə alsa da, onun gözləntilərinə görə, İslah Xidməti hökumətin onun qarşısına qoyduğu vəzifəni yerinə yetirə biləcək. “Mən əminəm ki, qurum məqsədyönlü şəkildə risklərin aradan qaldırılması üzərində iş aparır və sürətli tempdə işləməsinə baxmayaraq, bu, onun fəaliyyətinin keyfiyyətinə xələl gətirməyəcək. Gənclərin cinayətkarlığının artması narahatlıq doğurur. Mənim əsas mövqeyim ondan ibarətdir ki, biz sürətli tempdə işləməliyik, çünki cəmiyyətin inkişafı bizdən bunu tələb edir”, - deyə nazir qeyd bildirib.