Bu gündən etibarən Türkiyədə Beynəlxalq Mədəniyyət Yolu Festivalı başlayıb.
Noyabrın 10-dək davam edəcək festival çərçivəsində Türkiyənin müxtəlif vilayətlərində yeddi minə yaxın tədbir keçiriləcək.
Adana vilayətində start götürən festivalın açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu gündən etibarən Adananın otuz fərqli nöqtəsində beş yüzədək tədbir keçiriləcək. Bu tədbirlərdə minə yaxın sənətçi çıxış edəcək.
Bundan sonra keçiriləcək Mədəniyyət Yolu festivallarında həm şəhər, həm də iştirakçı sayını artırmağı nəzərdə tutduqlarını qeyd edən nazir tədbirin 2028-ci ildə Türkiyənin 35 şəhərini əhatə etməsinin planlaşdırıldığını deyib.
Bu il ilk dəfə Beynəlxalq Portağal Çiçəyi Karnavalı ilə başlayan festivala süni intellekt vasitəsilə Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkün canlandırılması, eləcə də Qaziantep Beynəlxalq Qastronomiya, Konya Mistik Musiqi, Nevşehir Kapadokya Hava Balonu festivalları kimi bir sıra digər yeniliklər də əlavə edilib.
Konsertlər, sərgilər, milli mətbəx, teatr, opera və balet tamaşaları, uşaqlar üçün əyləncələr və bu kimi bir çox fərqli tədbiri əhatə edən festivalın əsas məqsədi müxtəlif yaş və qrupdan insanları bir araya gətirərək, Türkiyənin şəhərlərini dünyada tanıdılması baxımından daha geniş auditoriyaya çatdırmaq, eyni zamanda mədəniyyət və incəsənət sahəsinə töhfə verməkdir.
Qeyd edək ki, Türkiyə Mədəniyyət Yolu dünyanın vaxt baxımından ən uzun zaman davam edən, eləcə də ən çox sənətçi və iştirakçısına ev sahibliyi edən festivalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.