AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ümummmilli lider Heydər Əliyevin müasir Azərbaycan əsəri”

  • + A
  • - A
  • 10-05-2024, 09:29

    “Ümummmilli lider Heydər Əliyevin müasir Azərbaycan əsəri”

    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
    AMEA-nın müxbir üzvü


    Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə liderliyinə təcrübəli, qətiyyətli siyasi rəhbərin gətirilməsi olduqca əhəmiyyətli idi və Azərbaycan xalqı haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını reallaşdırdı. Belə ki,

    1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində belə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Əlbətdə ki, elə ilk gündən dahi rəhbər doğma xalqına arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Ulu Öndər Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Artıq hər kəs bilirdi ki, ölkə rəhbərliyi etibarlı əllərdədir və ordu  müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Məhz, həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin də qarşısını aldı.
    Beləliklə, Ümummilli liderin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

    Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Ulu Öndər belə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Heç şübhəsiz, Ulu Öndərin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Xalqının və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müasir, müstəqil Azərbaycanın memarıdır!

    Ulu Öndər özü bir tarix yazmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Qürurla qeyd edə bilərik ki, bu gün onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə Azərbaycan xalqı yox, bütün region xalqları və bütün türk xalqları faydalanır. Məhz buna görə də, Ümummilli liderimizin adı dünyanın hər yerində Uca tutulur!
    Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanda müstəqilliyin dayaqları  möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Sözsüz ki, dövlətin iqtisadi uğurları ordu quruculuğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Əlbətdə ki, Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri də ordunun hərbi qüdrətinin artırılmasıdır. Məhz, Vətən müharibəsindəki tarixi Zəfərimiz buna sübutdur.
    Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında birlik nümayiş etdirən Azərbaycan xalqı əmindir ki, əsası Ulu Öndərimiz tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
    Bəli, müasir, müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR