AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacı Salayev: “Müstəqil Azərbaycan dövləti Ulu Öndərin xalqımıza ən böyük əmanətidir”

  • + A
  • - A
  • 10-05-2024, 11:39


    Hacı Salayev - Ulu Öndər Heydər Əliyev ölkəmizin milli tarixində özünəməxsus yer  tutan  elə nadir  tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət həm yerli, həm də beynəlxalq tədqiqatçıların diqqət  mərkəzində olacaqdır. Ümummilli lider, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya  azərbaycanlılarının sonsuz sayğı və sevgisini qazanmışdır.. Ölkə tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması sadəcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Bəli, tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir.. Sözsüz ki, tarixi yaradan şəxsiyyətə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər xüsusi məsuliyyət tələb edir.
    Azərbaycan tarixinin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla, həmçinin ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir..
    Ulu Öndərin Azərbaycanın müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri də onun ölkədə intibahın əsasını qoymasıdır. Qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliləyişinin ardıcıllığı yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Eyni zamanda, bu, Ümummilli liderin tarixi missiyasının təntənəsi, müasir Azərbaycan dövlətinin yaradılması deməkdir!
    Bəli dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın XX əsrin sonlarında öz istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını məhz, tarixin hökmü ilə Ulu Öndər yerinə yetirməli oldu. Bu gün, Azərbaycan Xalqı, indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir. Müasir, müstəqil dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevdir.

    Bəli, müasir, müstəqil Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə ölkəmizə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik tarixində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu Öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Müstəqil Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi xarakterizə edilir.

    Ulu Öndərin uğurlu siyasəti sayəsində, ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Onun hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamış, ölkəmizin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
    Onun xarici siyasət məsələlərinə xüsusi əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Onu da vurğulamaq lazımdır ki, Ulu Öndərin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.


    Ümummilli liderin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. O, 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Belə ki, müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Beləliklə, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətlənmdir. Ulu Öndərin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilmişdir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Məhz, Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Fəxrlə qeyd edə bilərik ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan güclü, müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

    Xalqımız yeni əsrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Əlbətdə ki, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına uyğunlaşdırılmasına nail olmuşdur. Ulu Öndər keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir və qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu gün davamlı yüksəliş yolunda inamla irəliləyən müasir, müstəqil Azərbaycan Heydər Əliyev həyat amalının təntənəsi, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR