AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qələbə günündə 120-ci qurbanını kəsən dünya çempionu

  • + A
  • - A
  • 27-11-2020, 22:21


    Nurəddin ƏDİLOĞLU təqdim edir:

    İki il əvvəl Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə paytaxtımıza gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin şərəfinə 100 qurban kəsən kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Azərbaycan Ordusunun Vətən müharibəsində Qələbəsini də özünəməxsus şəkildə qeyd edib

    Vətən müharibəsi başlayanda 43 yaşlı daxili xidmət polkovnik – leytenantı Araz Musayev də cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinə müraciət edib. Lakin dünyanın adlı-sanlı idmançıları arasında yeri olan Beynəlxalq dərəcəli idman ustasına bildiriblər ki, onun çalışdığı Fövqəladə Hallar Nazirliyi də insanların həyatını xilas etmək, onları qorumaq kimi şərəfli vəzifəni yerinə yetirir.

    Araz da Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat məbləğındə vəsait köçürüb. Bununla kifayətlənməyib, elə ilk gündən arzu edib ki, azğın düşmənə qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər dəfə qələbə qazananda qurban kəssin və ehtiyacı olan aztəminatlı ailələrə paylasın. Özü də dəfələrlə Füzuli bölgəsinə gedib, cəsur əsgər və zabitlərimizlə görüşüb, onları növbəti qələbələrə ruhlandırıb. Eşidəndə ki, Azərbaycanın Əməkdar idman ustası Araz Musayev Şuşa şəhərinin azad olunduğu gün 120-ci qurbanını kəsib, onunla telefonla əlaqə saxladıq. Cəbhə bölgəsindən yeni qayıtdığını öyrəndik. Dedi ki, mənim bu qurbanları kəsməklə özümü kimlərəsə tanıtmaq fikrim olmayıb. İdman fəaliyyəti ilə məşğul olan hər bir şəxs istəməsə belə, cəmiyyətdə göstərdiyi xidmətlərə və qazandığı nailiyyətlərinə görə tanınır. Mən sadəcə üzərimə düşən məsuliyyəti

    yerinə yetirmişəm. Bu, mənim borcum idi və bunu etməliydim. A.Musayev gördüyü bu işlərdən zövq alır. Onu da qeyd etmək istəyirəm ki, Arazın böyük qardaşı polkovnik Bəhruz Musayev də hərbçidir. Hazırda Şuşa şəhərində olan əsgər və zabitlərimizlə birlikdədir.

    Araz dəfələrlə qatıldığı idman yarışlarında qələbənin sevincini dadıb, üçrəngli bayrağımızı yüksəklərə qaldırıb. İdman nailiyyətlərində dövlət qayğısının böyük rol oynadığını dönə-dönə qeyd edən Araz Musayev ölkə rəhbərinin Fəxri Fərman və mükafatları ilə təltif olunub. Prezident İlham Əliyev çempiona mənzil hədiyyə edib. Araz deyir: “Niyyət etmişəm ki, qardaş Türkiyə əsgərlərini Qarabağa gələcəyi gün və Bakıda Qələbə paradı keçiriləndə Mir Mövsüm ağanın ziyarətgahındakı qurbangahda növbəti qurbanları da kəsim, orada namaz qılım...”

    Xatırladaq ki, 1977-ci ildə Masallı rayonunun Lürən kəndində dünyaya göz açan Araz 7 yaşından idmanla məşğul olmağa başlayıb, əvvəl idmanın ən qədim növü olan güləşin sirlərinə yiyələnib, sonra ölkəmizdə təzəcə yayılmağa başlayan kikboksinqlə məşğul olub. Azərbaycanda bu idman növü üzrə ilk dəfə respublika çempionatı keçiriləndə Arazın 17 yaşı vardı, yarışlarda uğurlu nəticələr əldə etmişdi. O, 1997-ci ildə ölkə çempionu olmuş və öz çəki dərəcəsində uzun illər birinciliyi qoruyub saxlamışdır. 1998-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Avropa çempionatında ilk dəfə qitə çempionu adını qazandı. Həmin günü Araz belə xatırlayır: "Uşaqlıq arzuma çatmışdım. İlk dəfə dünya çempionu olanda və ölkəmizin bayrağını dalğalandıranda elə hisslər keçirdim ki, onu sözlə ifadə etmək çətindir…" Sevdiyi idman növü üzrə Yunanıstanda düzənlənən planetin ən güclü yarışmasının yarımfinal mərhələsində 2 erməni döyüşçüsünü məğlub edən Arazın finaldakı rəqibi də Rusiyanı təmsil edən erməni idmançı oldu. Lakin idman aləmində azərbaycanlı “qara bəbir” ləqəbi ilə tanınan Arazın hücum taktikasına bələd olan rəqibi bu görüşdən onun xeyrinə imtina etdi.

    2004-cü ilin mart ayında Tailandın Banqkok şəhərində dünyanın 50 ölkəsinin idmançılarının güclərini sınadığı muay- tay idman növü üzrə dünya çempionatında bütün rəqiblərinə qalib gələrək Araz 6 –cı dəfə dünya, 3 –cü dəfə Avropa çempionu kimi vətənə qayıtmışdır. Azərbaycan idmanının layiqli təmsilçisi Araz Musayev 2011-ci ilin oktyabr ayında İtaliyanın Milan şəhərində keçirilən muay-tay üzrə dünya çempionatında da Azərbaycanın yığma komandasını təmsil etmişdir. Qaliblər kürsüsünün birinci pilləsinə qalxan Araz Musayev Azərbaycanın Əməkdar idman ustası fəxri adına layiq görülmüşdür.

    Altıqat dünya çempionu olan Araz Musayev bu döyüşlərində İtaliya, Fransa və İsveç idmançılarına qaib gələrək 81 kq çəki dərəcəsində yeddiqat dünya çempionu tituluna yiyələnmişdir. 2012- ci ildə İtaliyanın Karrara şəhərində uşu və tayboks idman növləri üzrə keçirilən dünya çempionatında 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi yarışda Araz Musayev öz ənənəsinə sadiq qaldı: “Hər dəfə qızıl medalla ölkəmizə qayıdanda bizi şəxsən cənab Prezidentin özü qəbul edir və tövsiyələrini verirdi. O, bizi qələbədən qələbəyə ruhlandırırdı.” 7 rəqəminin özü üçün düşərli olduğunu qeyd edən A. Musayev 2007-ci ildən də Fövqəladə Hallar Nazirliyində çalışır. Hazırda Azərbaycan Mautay Federasiyasının vitse-prezidentidir. Sevdiyi bu idman növü hər il Tailandda 17 martda "Milli bayram günü" kimi qeyd olunur.

    İxtisasca hüquqşünas olan Araz 2 övlad atasıdır. 14 yaşlı qızı Gövhər və özünün “Pələng” ləqəbi verdiyi 10 yalı oğlu Furqan da atasının yolu ilə gedir. Əvvəllər bədii gimnastika ilə məşğul olan Furqan indi “Qarabağ” Futbol Klubunun Akademiyasında məşqlər edir. Araz deyir “Pələngin” məndən əxz etdiyi xüsusiyyətlər çoxdur. İnanıram ki, o da idmanda böyük uğurlar qazanacaq.

    Biz də öz növbəmizdə qəzetimizin adından Araz Musayevə ictimai fəaliyyətində, övladları Gövhər və Furqana isə idmanda böyük uğurlar diləyirik.

    25.11.2020.

    Şəkillərdə: Araz Musayev Türkiyə Prezidenti R.T. Ərdoğanla və qalib Azərbaycan əsgərləri ilə birlikdə



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR