“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində yeni yaşayış massivlərinin və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirir. Bərdə rayonunun Güloğlular kəndinin genişlənən hissəsində yerləşən fərdi yaşayış evlərinin mavi yanacaqla təmin edilməsi artıq yekunlaşmaq üzrədir. İB-dən Azadmedia.az-a verilən məlumata görə 1 000 metrdən artıq müxtəlif diametrli borular vasitəsi ilə çəkilən xətt 27 fərdi yaşayış evində təbii qazdan rahat istifadə edilməsinə imkan yaradacaq.
Rayonun “Nar çiçəyi” adlanan yeni yaşayış massivinin də qazlaşdırılması işləri həyata keçirilir. Ümumi uzunluğu 3 500 metr olan müxtəlif diametrli polad boru ilə çəkilən daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi işləri bitmək üzrədir. İşlər yekunlaşdıqdan sonra yeni massivdə salınan 96 fərdi yaşayış evi təbii qazla təmin olunacaq.