Dövlət başçısının Sərəncamına əsasən, Naftalan şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Belə ki, Sərəncama əsasən Naftalan şəhərində ümumi uzunluğu 16 km olan 34 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.
Sözügedən küçə və yolların en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə gediş-gəlişə xüsusən payız-qış mövsümündə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Hazırda Dövlət Agentliyinin sözügedən küçə və yolların yenidən qurulması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edərək işlərə başlaması ilə sadalanan problemlər aradan qaldırılır.
Texnoloji ardıcıllıqla aparılan işlər nəticəsində küçə və yollar genişləndirilir. Aparılan genişləndirmə işləri isə öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.
Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, küçə və yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Təbii ki, Naftalan şəhərində küçə və yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.