“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində daha bir aksiya keçirib.
“AzerGold” QSC tərəfindən 13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günündə Məhdud fiziki imkanlı insanlar üçün Gəncə Regional İnformasiya Mərkəzinə Brayl əlifbasını interaktiv yolla daha asan və əyləncəli öyrənməyə kömək edən innovativ cihazlar ianə edilib. Bununla yanaşı, Cəmiyyətin əməkdaşları Daşkəsən rayonunda yaşayan görmə məhdudiyyətli insanların evlərində qonaq olub, onlara “Braille teach” qurğularını təqdim ediblər.
Qeyd edək ki, xüsusilə məktəbəqədər yaşda olan uşaqlara fərdi qaydada Brayl əlifbasını öyrədəcək, onların asudə vaxtlarının təşkilinə səsli kitablar və oyunlar vasitəsilə dəstək olacaq “Braille teach” cihazı onların şifahi nitqi və əqli inkişafı üçün nəzərdə tutulub. Sözügedən qurğu tiflopedaqoqların iştirakı olmadan əlifba, eləcə də riyazi hesablamaları daha asan və rahat şəkildə öyrənmələrinə fayda verəcək.
Aksiya çərçivəsində cihazın ixtiraçısı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koodinasiya Mərkəzinin mütəxəssisi Rəşid Əliyev tərəfindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Cihazın tədrisə uyğunluğunun Təhsil Nazirliyi və İngiltərə Krallığının Milli Gözdən Əlillər İnstitutu (RNIB) tərəfindən təsdiq olunduğu qeyd olunub.
Layihənin davamı olaraq əlifba və riyazi hesablamaların öyrənilmə səviyyəsinin müəyyən edilməsi və stimullaşdırılması məqsədilə cihaz paylanılmış şəxslər arasında müsabiqənin keçirilməsi planlaşdırılır.
Layihənin məqsədi görmə məhdudiyyətli insanların qayğı ilə əhatələnməsi, onların sosial həyata adaptasiyasiyası, oxuma vərdişlərinin formalaşması, asudə vaxtlarının təşkilinə dəstək göstərməklə yanaşı, yerli startapların inkişafını təşviq etməkdir.
Xatırladaq ki, Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılıb. Bu günün 13 noyabrda qeyd olunması fransız pedaqoqu Valentin Qayuininin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan Qayuin dünyada ilk dəfə olaraq öz vəsaiti hesabına görmə məhdudiyyətli şəxslər üçün qabarıq şiriftlər yaradıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlimlər keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.