“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti dəfə “Açıq qapı” aksiyası çərçivəsində Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüşü baş tutub. KİV nümayəndələrini maraqlandıran, onlar tərəfindən ünvanlanan bütün suallara aydınlıq gətirən Ruslan Əliyev bir çox məsələlərə toxunub. Qazlaşma qaydaları, hündürmərtəbəli binalara quraşdırılan sayğaclar və s haqda ünvanlanan sualları cavablandırıb. Daha bir yeniliyi media nümayəndələrinin nəzərinə çatdıran baş direktor abonentlərin həm mobil telefona, həm də kompyüterə proqram yükləyərək, onun vasitəsilə köhnə smart-kart tipli sayğacların qaz kartına ödənişi həyata keçirə biləcəklərini bildirib. Bundan əlavə, Ruslan Əliyev aksiyada şəffaflığın qorunması üçün media nümayəndələrinə bir neçə gün öncədən sosial şəbəkələr və saytlar vasitəsilə aksiyanın keçiriləcəyi ilə bağlı məlumatın verildiyini, aksiyada iştirakın tamamilə könüllü olduğunu, həmçinin mətbuat nümayəndələri ilə keçirilən görüşün “Facebook” səhifəsində canlı yayımlandığını vurğulayıb. Görüş zamanı Ruslan Əliyev KİV nümayəndələri ilə bərabər “Azəriqaz” İB yanında yaradılan İctimai Şura üzvləri tərəfindən daxil olan və vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları sualları da cavablandırıb. Sonda baş direktor Ruslan Əliyev bütün mətbuat nümayəndələrini hər həftənin cümə günü baş tutan “Açıq qapı” aksiyasında fəal iştirak etməyə çağırıb. “Açıq qapı” aksiyası “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.